ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir.
Viral.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
“Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm”, – o qeyd edib.
Son Yazılar:
- Bir sıra bölgələrə yağış, Şahdağa qar yağır
- “Heç kim araşdırmamış heç nə deməsin”
- MSK bələdiyyə seçkiləri təyin EDƏCƏK
Yeni telekanalda yüksək səviyyəli komandanın formalaşdırıldığını vurğulayan Rəşad Məcid müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini və bu tipli media subyektlərinin ölkəmizdə olmasını çox arzuladığını qeyd edib: “Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq”.
Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır: “İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb. Dövlətimizin başçısı çıxışlarında, həmçinin, jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib. Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək.
Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar” (APA).