Tədbir daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib
Viral.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, “Modern Ailə və İnkişaf” İctimai Birliyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən birgə təşkil edilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son Yazılar:
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
- Nazir rəisi işdən ÇIXARDI
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb:
“8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir.
Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”.
Tədbirdə çıxış edən “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva da 8 Noyabr zəfərinin tarixi önəminə toxunub:
“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində mühüm yer tutan böyük qələbələrdəndir. Bu qələbə bizə uzunmüddətli düşmən işğalına son qoymağa, öz ərazi bütölüyümüzü, suverenliyimizi bərpa etməyə kömək etdi. Biz ərazi bütövlüyümüzlə yanaşı, həm də milli qürurumuzu bərpa etdik. Biz bu zəfərlə bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan məğlubedilməzdir və hər zaman da beləcə yenilməz qalacaq.
Bu böyük qələbənin müəllifi isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandanımız, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və veteranlarımızdır”.
Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir.
Tədbirdə çıxış edən veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər.
Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.