OECD ölkələrinə 2023-cü ildə daimi miqrantların axını rekord həddə ÇATDI

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinə 2023-cü ildə daimi miqrantların axını rekord həddə – 6,5 milyon nəfərə çatıb.

Viral.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, rekordlar OECD-yə üzv ölkələrin təxminən üçdə birində, o cümlədən Kanada, Fransa, Yaponiya, İsveçrə və Böyük Britaniyada qeydə alınıb. Eyni zamanda, Danimarka, İsrail, İtaliya və Yeni Zelandiya kimi bəzi ölkələrdə miqrantların sayında azalma müşahidə edilib.

Son Yazılar:

“Son bir neçə ildə miqrasiya üçün əsas stimul, işçi qüvvəsinə olan güclü tələb olub. Bir çox OECD ölkələri işçi qüvvəsi çatışmazlığı və gələcək demoqrafik dəyişikliklərlə üzləşir və əmək miqrantlarının artan sayı iqtisadiyyatın sabit artımına kömək edir”, – təşkilatın Baş katibi Matias Korman açıqlayıb.

Məlumatda qeyd olunub ki, dövlətlər həmçinin müvəqqəti iş icazələrini daha fəal şəkildə verirlər (Polşa istisna olmaqla OECD ölkələrində 2,4 milyondan çox, 16 % artım) və sığınacaq üçün müraciətlərin rekord sayını qeydə alırlar (2,7 milyon, 30 % artım).

Statistikaya görə, 2023-cü ildə ABŞ-də sığınacaq üçün müraciətlərin sayı ilk dəfə olaraq OECD-yə üzv olan bütün Avropa ölkələrinin ümumi göstəricisini üstələyib və 1 milyon nəfəri keçib. Qaçqın statusu üçün müraciət edənlərin əksəriyyəti Venesuela (270 min nəfər), Kolumbiya (203 min), Suriya (171 min) və Əfqanıstandan (150 min) olan şəxslərdir.

Təşkilatın məlumatına görə, OECD ölkələri 2023-cü ildə 676 min sığınacaq axtarana qaçqın statusu verib. Bu göstərici 2022-ci illə müqayisədə 15 % artıb və 2017-ci ildən bəri rekord həddə çatıb.

1961-ci ildə yaradılmış OECD dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin təşkilatıdır və 38 dövləti birləşdirir.