Bakının ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: Uşaqlar üçün iqlim fəaliyyətinə İnvestisiya” adlı tədbir keçirilib.
Viral.az xəbər verir ki, UNICEF ilə birgə keçirilən tədbirdə çıxış edən spikerlər maliyyə boşluqlarının bağlanması və uşaqlar üçün iqlim fəaliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
“Bu gün biz burada təkcə iqlim dəyişikliyinin uşaqlara necə təsir etdiyindən yox, həmçinin bizim bu xüsusda görə biləcəyimiz tədbirlərdən danışacağıq”, – UNICEF-in Baş direktor müavini Kitty van der Heijden deyib.
Son Yazılar:
- Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri AÇIQLANDI
- Tramp inauqurasiyadan əvvəl xarici liderlərlə görüşməyəcək
- Ceyhun Bayramov norveçli nazirlə GÖRÜŞDÜ
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai iqlim dəyişikliyinin və onun yaratdığı problemlərin müxtəlif sahələrdə uşaqların həyatına necə təsir etdiyi barədə danışıb.
UNICEF-in Bəlucistanın Hub şəhərindən olan iqlim dəyişikliyi üzrə çempionu, Pakistanı COP29-da təmsil edən ən gənc nümayəndələrdən biri olan Zunaira öz çıxışında bildirib ki, o, bütün uşaqların adından dayanıqlı gələcək tələb edir:
“Mən burada bütün dünya uşaqları adından dayanıram. Bizim təhlükəsiz, sabit və dayanıqlı bir gələcəyə ehtiyacımız var və buna layiqik. Sizdən uşaqları qoruyan, təhsilə üstünlük verən və iqlim fəaliyyətində sülhün vacibliyini tanıyan siyasətlərə önəm verməyinizi tələb edirik”.
Almaniyanın Xarici İşlər Nazirliyində İqlim Xarici Siyasəti və Geoiqtisadiyyat Departamentinin rəhbəri Oliver Rentşler öz çıxışında xüsusilə, həssas qrupları dəstəkləyən yeni iqlim hədəflərindən danışıb:
“Uşaqların gələcəyi risk altındadır və iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və siyasi kommunikasiyanın vacibliyi danılmazdır. Almaniya beynəlxalq iqlim maliyyələşdirməsində ikinci ən böyük töhfə verən ölkə olaraq xüsusilə həssas qrupları, o cümlədən uşaqları və gəncləri dəstəkləyən yeni iqlim hədəflərini müdafiə edir. Yeni Kollektiv Kəmiyyət Məqsədinin etibarlı olması üçün dövlət və özəl mənbələrdən yaradıcı yanaşmalar tətbiq olunmalıdır”.
COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin ən çox təsir etdiyi həssas qruplardan danışıb:
“Uşaqlar və gənclər iqlim dəyişikliyindən ən çox təsirlənən qruplardır və gələcəkdə bu təsirlərin nəticələrini daşımalı olacaqlar. Bu il milli iqlim planlarında uşaqların və gənclərin ehtiyaclarını nəzərə alan yaşa uyğun yanaşmalar hazırlamaq üçün işlər aparılır. Həmçinin, iqlim maliyyəsi sahəsində uşaqların dəstəklənməsi üçün tərəfdaşların cəlb olunması vacibdir. Hazırda iqlim maliyyəsinin yalnız 2,4%-i uşaqlara yönəlir ki, bu da yetərli deyil. Gənclərə dəstək insan inkişafını gücləndirmək üçün ən təsirli yollardan biridir”
Tədbirin bağlanış hissəsində isə Braziliya hökumətinin nümayəndəsi Ana Patte “COP29-dan COP30-a baxış” mövzusunda yekun bəyanatla çıxış edib.
Tədbirdə, həmçinin YOUNGO Global Gənclər Bəyannaməsi təqdim olunub.