Kitab — müqəddəslik apastolu, həyat rəhni, cəmiyyət rəhnüması, şəxsiyyət pişvası…
Kitab — toy-düyün, büsat, şənlik, şadlıq, şadyanalıqdır…
Kitabın xınayaxdısı — müəllifin inandığı adama imzalı bəxşişidir.
Son Yazılar:
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
- 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ
Kitabın da öz evində — nəşriyyatda barmağına nişan üzüyü taxılır, paltarbiçdisi olur.
Kitab da gəlin köçür, getdiyi yerə — evə, ocağa (çəkir, taleyi oxşayır) əmanətdir…
Kitab — gəlinlik paltarı, bəylik papağı, təzəbəy, təzəgəlindir.
Kitab — bayramlıq, hədiyyə, cehiz, xonçadır (?) (düzü belə məqamlara nadir hallarda rast gəlmişəm və ya gəlinir).
Kitab, həm də doğulur. Yaxşı kitab digər bir kitabı dünyaya gətirir.
Kitab — oxunduqca, fikirlər oxuduqca çoxalır…
Kitab — törəndir, biz onun törəmələri,.. fəqət kitab — bugünkü hay-küylü, alver predmetinə çevrilən haxışta deyil. Heç südpulu, saçkəsdi, yolkəsdi, sağdış-soldış, şabaş, tamada, nə bilim əşi üçgünlük, beşgünlük də deyil.
Kitab — oğurluğu, boşanmanı, atılmağı, yararsız olmağı sevmir.
Kitab və toy. Maddiyyatdan uzaq, mənəviyyata bağlı məsələlər, bir-birinə bağlı məfhumlardı. Mənəviyyat üzərində bərqərar olan toylarda yaxşı adamlar bir kitablıq söhbət edər. Toyun səbəbkarları da müqəddəs kitab altından keçərək məclisə təşrif buyurar.
Bəzən səkilər üstündə atılmış kitablar oturar. Əmanət edildiyi evdən didərgin düşən imzalı kitablar yad rəflərdən həsrətlə boylanar… Bu mənzərə də insanı mütəəssir edər. Yadımıza toy sonu gəlinin nazlana-nazlana “1, 2, 3”, deyibən, amma atmadığı, sonra anidən göyə tolazladığı və yerə düşməyilə subaylıqdan dəliyə dönənlərin caynaqlarında çiçək təzələyini, gül təravətini itirən buketlər düşər: on kitab bahalığında — əldə təravətli, göydə canın tapşıran, yerdə meyiti çıxan, xırman otuna dönən buketlər…
Əsgər İsmayılov