Qoşaqovağı dərdli gördüm (elegiya)

Ta qədim zamanlardan adlı-sanlı alimlərin, müdriklərin işlətdiyi kəlmə vardır. Deyirlər, su aydınlıqdır, rəhmət və bərəkətdir. Hətta göydən yağış yağanda belə “İlahi göylərdən rəhmət yağdırır” deyirlər. Əlbəttə, su həyat üçün vacib məsələdir. Bəzən yarım qalan həyatlar üçün necə? Onda da su həyatdır? Onlar ki aydınlıq rəmzi olan suda məhv oldular. Bu həyat hekayəsini sonadək oxusanız yəqin ki, sualımızın da cavabını tapmaqda çətinlik çəkmərsiniz.

Azərbaycanın böyük su kanallarından biri olan Şirvan indiyədək çox hökmlər vermiş, çox canlar almışdır. Əfsuslar olsun ki, bu canlar bizimçün olduqca dəyərli, bir o qədər də doğma idi. Onlar arasında istəməsək də, balaca mələk Zakirov Vüqarımız da yer alır. On dörd (14) yaşlı bu Vüqar ani diqqətsizlik səbəbindən nəhəng su kanalının qollarında əsir oldu. Heyif ki, yeniyetmə qolundakı zəncirləri qıra bilmədi. Hadisənin kədəri, ağrı və acısı Vüqarımızın nəşinin doğma evinə gətirildiyi zaman daha dərindən duyuldu. Qardaşım Vüqarın atasının, anasının, bacısının, nənə və babasının, bibisinin, eləcə də digər yaxınlarının fəryadı çox ürəkləri dağladı. On bir-on iki dekabr tarixlərində çox insanın, xüsusilə də Vüqarımızın anasının gözündəki yaşlar leysana çevrilərək kainat üzərinə yağdı. Sözün düzü bu yağışda, körpə balamızın yaxınları kimi mən də islandım. İslanmaq bir yana hətta üşüdüm…

Baş vermiş bu hadisə bütün Qoşaqovaq əhalisi üçün faciə oldu. O faciə ki, bizim yaddaşımıza möhürləndi. Bəs biz təsəllimizi nədən alaq? Axıb selə dönmüş göz yaşlarından, yoxsa bir ömür unudulmayacaq xatirələrdən? Sözün düzü bu sualın cavabını özüm də bilmirəm. Lakin bildiyim bir şey var ki, körpə balamız çox erkən yaşda Tanrı mərtəbəsinə ucalmış əbədi və mütləq həyat qazanmışdır. O həyat ki bizim aldığımız nəfəsdən belə qiymətlidir. Bir insan ömrü boyu şəhid olub, cənnəti qazanmaq üçün var qüvvəsini səfərbər edir. Bəzən əlli (50) il, bəzən altmış (60),bəzən isə yüz (100) il çalışmalı olur, lakin Vüqar balamız cəmi on dörd (14) il ərzində ən yüksək zirvəyə ucaldı. Hazırda o, cismən olmasa da ruhən bizim yanımızdadır. O, artıq cənnətdədir. Cənnət isə hər insana qismət olmur.

Son Yazılar:

Vüqarın ailəsinə səbr və dözüm diləyirik, onun yaxınlarına sonsuz mübarizə əzmi, möhkəm iradə arzulayırıq. Ey, böyük ana, oğlun ucalıq və təmizlik qatındadır…

Mənim balaca qardaşıma deməyin ki, ölüb getdi. Üzü nurlu birdənəmə deməyin ki, ölüb getdi. O, ən uca mərtəbənin cavan yaşda sahibidir. O, bir cənnət diyarının əbədi yaşar sakinidir.

Məmmədli Maarif, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.