Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Viral.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirib.
Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də “Qarayara” xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.