İcma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə məruzə təqdim etdi

Mayın 10-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzənin təqdimatı keçirilib.

 

Viral.az xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli məruzənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə baş tutmalıdır.

Son Yazılar:

 

Sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısa məlumat verib. O qeyd edib ki, sözügedən mövzuda məruzənin ingilis dilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdə azərbaycanlı qaçqınlar barədə ətraflı məlumat formalaşdırmaq və birtərəfli yanaşmaların qarşısını almaqdır.

 

BMTM-in şöbə müdiri Cavid Vəliyev azərbaycanlıların Ermənistandan deportasiyasının erməni millətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

 

Daha sonra məruzənin hazırlanmasında iştirak edən ADA Universitetinin beynəlxalq münasibətlər üzrə məzunları Elcan Həsənli və Sarvan Hüseynovun təqdimatları dinlənilib.

 

Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib.

 

Qeyd edək ki, BMTM tərəfindən hazırlanan “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə 5 bölmədən ibarətdir.

 

Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə ətraflı məlumat verilir.

 

İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir.

 

Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı mümkün siyasi həll istiqamətləri – azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, onlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir.

 

Dördüncü hissədə əvvəlki bölmədə qeyd olunan təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir.

 

Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.