Samuxda Aqrar Biznes və Ərik Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Samux Rayon İcra Hakimiyyətinin, Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda “Aqrar Biznes” və “Ərik Festivalı” keçirilib.

Viral.az nazirliyə istinadən verdiyi məlumata görə, festivalın sərgi bölməsində COP29 tədbirinin təşviqatı məqsədilə təbiətqoruyucu texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları həmçinin fermerlərin yetişdirdikləri ərik məhsullarının (meyvə, meyvə qurusu, meyvə şirəsi, kompot) nümayişi keçirilib.

Sərgi hissəsində sadalanan məhsullarla yanaşı milli mətbəx təamları, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər nümayiş olunub. Rəsmi qonaqlar stendləri ziyarət edib, şirkətlərin və istehsalçıların təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Son Yazılar:

İlk dəfə olaraq keçirilən Ərik Festivalının əsas məqsədi aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına öz müsbət töhfəsini verməkdir.

Qeyd edək ki, ölkəmizdə Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən bölgə Samux rayonudur. Hazırda rayonun fermer və fərdi təsərrüfatlarında 500 hektardan çox sahədə 16 sort ərik becərilir. Azərbaycanın digər bölgələrinə nisbətən Samux rayon ərazisində ərik məhsulları daha tez yetişir.

Həmçinin festivalda “GreenAgroHack” hakaton yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar ağıllı həllərinə dair təqdimatlar nümayiş etdiriblər. Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə hakaton iştirakçıları üçün Şəmkir Aqroparkına tur təşkil edilib. İnfotur zamanı kompleksin intensiv bağçılıq təsərrüfatlarına, meyvə, tərəvəz zavodları və istehsal fabrikinə baxış keçirilib.

Qeyd edək ki, növbəti Aqrar Biznes Festivalı bu ilin iyunun 28-də Xızı rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında keçiriləcək.