Azərbaycanda uşaq hüquqlarına dair yeni sənəd HAZIRLANIR

Azərbaycanda uşaq hüquqlarına dair yeni sənəd hazırlanır.

 

Viral.az xəbər verir ki, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

Son Yazılar:

 

O qeyd edib ki, uşaq strategiyasının yerinə yetirilməsi ilə bağlı fəaliyyət planında nəzərdə tutulmuş dövlət və qeyri-dövlət sosial müsissələrində xidmətin keyfiyyətinə dair tələblər və bütün sahələrdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı meyarlar haqqında layihələr yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.

 

Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi zamanı çıxış edən şöbə müdiri qısamüddətli mühafizə orderlərinin verilməsi prosedurunun sadələşdirilməsindən danışıb. O bildirib ki, sözügedən prosedur mürəkkəb idi, ancaq hazırda müraciət daxil olan kimi 24 saat ərzində mühafizə orderinin verilməsi nəzərdə tutulur.

 

“Mühafizə orderinin verilməsi ilə bağlı proseduru dərhal həyata keçirməyən vəzifəli şəxs isə məsuliyyətə cəlb olunacaq. Hazırda əsas çatışmazlıq uşaqlarla bağlı məsələlərin icraat prosesində xüsusi hazırlıq keçmiş hakimlər, müstəntiqlər və digər vəzifəli şəxslərin iştirak etməməsidir. Düzdür, uşaqlardan ifadə alınmasında xüsusi hazırlıq keçən müstəntiqlər iştirak edir, amma bu məsələ tam şəkildə həyata keçirilmir”, – T.İbrahimova deyib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə bildirib ki, Elm və Təhsil Nazirliyinin strukturu yeniləndikdə, uşaqların müdafiəsi ilə bağlı bölmənin yaradılması orta məktəblərdə yeni ştatların açılmasına imkan verdi. “Artıq orta məktəblərdə sosial iş vakansiyası üzrə onlarla mütəxəssis işə cəlb edilir. Bu, uşaqların müdafiəsinin orta məktəblərdə həyata keçirilməsinə xidmət edəcək bir addımdır”, – o əlavə edib.

 

UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov isə sözügedən tədbirdə bildirib ki, zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir. Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması ən önəmli məsələlərdən biridir: “Uşaqlara verilən mənəvi cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqli anlayışlardır”.