Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Viral.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aysel Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunub.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
O ilk ifadəsində bildirib ki, zərərçəkmiş Zeynəb Qasımovdan 25 min manatı gözəllik salonunda alıb və “Çinar Plaza”da Nuridə Seyidovaya verib: “Həmin vaxt Nuridə də həmin pulun üstünə 5 min manat qoyub və 30 min manatı mənə verdi ki, xəstəxanaya köçürüm. Mən də həmin pulu xəstə əməliyyat olunması üçün xəstəxanaya köçürdüm”.
Aysel Məmmədova bu ifadəsini təsdiqləməyib. Bildirib ki, ondan ifadəni imzalamaq istənilib, o da imzalayıb.
Hakim ondan ifadəni niyə imzaladığını soruşub. Aysel Məmmədova deyib ki, ona işdə şahid qismində qalacağına dair söz veriblər, ona görə də bu ifadəni imzalayıb.
Məhkəmə digər təqsirləndirilən Nuridə Seyidovaya sərbəst ifadə verməyi təklif edib. Nuridə Seyidova hazırda səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini, xəstə olduğunu deyib.
Hakim təqsirləndirilən şəxsin sərbəst ifadə vermək istəməməsinə münasibət bildirib: “Pulları alıb sayanda xəstəliyiniz yadınıza düşmürdü. İndi burada deyirsiz ki, xəstəsiz. Yüz minlərlə pulu camaatdan alanda, pulları sayanda özünüzü xəstə bilmirdiniz, indi nə oldu?”
Nuridə Seyidova növbəti prosesdə ifadə verəcəyini bildirib.
Hakim Nuridə Seyidova ifadə verməyəcəyi təqdirdə onun istintaqdakı ifadələrinin məhkəmədə elan olunacağını deyib.
Təqsirləndirilən Aynur Bayramovanın vəkili deyib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır: “Bu işə vicdanla münasibət bildirin. Bu adam ölümə təhrik edilir”.
Zərərçəkən Sahid Mövsümov məhkəmənin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslərin pullarını aldıqları uşaqlardan 3-ü artıq vəfat edib: “Talasemiya xəstəsi olan Vilayətin valideynindən 25 min dollar almışdılar. O uşaq da vəfat etdi. Həmin uşağın atası da öldü. İndi bunlar özlərini burada xəstəliyə vurublar. Allaha and olsun, bu adamlar məndən pul alanda sağlam idilər. İndi burda artistlik edirlər”.
Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.