Siyasi partiyalardan növbədənkənar seçki qərarına REAKSİYA

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
 

Bəs siyasi partiyalar növbədənkənar seçki qərarını necə qiymətləndirir?

Son Yazılar:

 

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, atılan addımı dəstəkləyirlər:
 

“Ümumiyyətlə, biz çoxdan hazırkı parlamentin buraxılmasını, yeni seçkilərinin keçirilməsini istəyirdik. Bu məsələ hələ 2020-ci ildən gündəmə gəlib. Amma ötən dövrdə parlamentdə 9 yer boş qalsa da, ora belə seçki keçirilmədi. Parlamentin özünü buraxmasını, daha demokratik və şəffaf, xalqın iradəsini əks etdirən seçkinin seçilməsini istəyirdik. Olmadı. Hazırda parlamentin özünü buraxmasının heç bir siyasi tərəfi yoxdur. Ortada daha çox texniki səbəb var. Seçkilər COP29-la üst-üstə düşməsin deyə keçirilir. Seçkilər istənilən siyasi partiyaya parlamentdə, dövlət idarəçiliyində təmsil olunmaq, təsir imkanlarını artırmaq üçün şans yaradır. Buna görə də atılan addımı dəstəkləyirik. Məsələ texniki olduğu üçün buna elə də siyasi yük yükləmək istəmirəm”.

T.Abbaslı partiyasının seçkilərə hazırlığından da danışıb:
 

“Biz xeyli müddətdir ki, seçkilərə hazırlaşırıq. Neçə aydır ki, bizim seçki qərargahımız formalaşdırılıb. Seçki qərargahı namizədləri müəyyən edib. Çalışırıq ki, daha çox dairədən namizəd irəli sürək. Təbliğat-təşviqat materiallarının, şüarların, seçicilərə veriləcək vədlərin hazırlanması istiqamətində işlər görürük. İdarə Heyətinin həftədə bir dəfə iclası keçirilir. Hər həftə gündəliyin bir hissəsi “Seçki-2024” olduğu üçün xüsusi toplantı keçirməyə ehtiyac duymuruq. Seçkinin tarixi bilinəndən sonra daha konkret addımlar atılacaq. Çalışırıq ki, daha çox dairəni əhatə edək. Amma burada bəzi nüanslar var. Seçkilərdə iştirak etmək istəyənlər o qədər çox deyil. Çünki seçki prosesinə inanırmırlar. Seçkilərdə iştirak etmək istəyən bəzi üzvlərlərimizin isə maddi imkanları, bəzilərinin təcrübəsi yoxdur. Hər şeyi gedişat müəyyənləşdirəcək”.
 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bunları deyib:
 

“Deputatlar mandatdan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməlidirlər. Bundan sonra onların mandatı ləğv olunmalıdır. Mandatların ləğvindən sonra cənab Prezident 83-dən az deputat qaldığına görə parlamenti avtomatik buraxmalıdır. Deputatlar parlamentin buraxılması üçün müraciət edə bilməz. Konstitusiyada belə bir şey yoxdur. Parlamenti Prezident buraxa bilər. O da bəlli şərtlər daxilində.  Qanunvericilikdə “müraciət edirəm, parlamenti burax” deyə məsələ yoxdur. Sadəcə olaraq deputatlar mandatlarından imtina edəcəklər. 83-dən az deputat qaldığına görə parlament Prezident tərəfindən buraxılacaq. Hər kəs mandatından və vəzifəsindən imtina edə bilər”.
 

İ.Ağazadə Ümid Partiyasının seçkiyə çoxdan hazırlaşdığını deyib:
 

“Seçkilərlə bağlı hələ konkret qərar yoxdur. Seçkilərlə bağlı cənab Prezidentin bu istiqamətdə qərar verməsi gözlənilir. COP29-la əlaqədar seçkilərin vaxtından əvvəl keçirilməsini hamı əvvəlcədən proqnozlaşdırırdı. Hesab edirəm ki, tarix məlum olduqdan sonra Ümid Partiyası tərəfindən lazımi addımlar atılacaq. 75 namizəd  Partiyanın Mərkəzi Aparatına müraciət edib. Onlardan 60-a yaxının dairələri müəyyən olunub. Ümumi hazırlıq gedir”.
 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də YAP-ın qərarını dəstəklədiyini qeyd edib:
 

“Qarşıda Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməsi gözlənilir. Parlament seçkilərinin önə çəkilməsi labüd idi. Ona görə ki, Azərbaycanda dünya miqyaslı tədbir keçiriləcək. Belə düşünürdük ki, parlament formalaşsın və müasir tələblərə cavab verən deputatlar da orada iştirak etsin. Bu baş verdi. Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edir. Bunu nəzərə alaraq belə təşəbbüslə çıxış ediblər, təqdirlayiq haldır. Seçkilərin Konstitusiyaya uyğun olaraq ancaq bir-iki ay qabağa çəkmək mümkündür. Biz gözləyirdik ki, referendum keçirilsin və proporsional seçki sistemi tətbiq olunsun, bu daha məqsədəmüvafiq olardı. Əhalimizin sayı 10 milyona çatıb. Amma hazırkı parlament 7 milyon üzərində formalaşmışdı. Deputatların sayı artırılmalıydı. Hər halda görək seçkilər üçün hansı tarix seçiləcək. Biz partiya olaraq hər zaman seçkilərə hazırıq. Kifayət qədər üzvlərimiz var. Partiyanın genişləndirilmiş iclasını keçirəcəyik. İstərdim ki, bu seçkilər tam demokratik keçirilsin. Xaricdən bizim seçkiləri antidemokratik adlandırırlar. Bu məsələnin aradan qalxması üçün Qarabağı işğaldan azad etdiyimiz kimi, parlamenti də Ramiz Mehdiyevin işğalından azad etməliyik. Yeni düzənə, dünyada gedən siyasi proseslərə uyğun parlament yaradılmalıdır. Parlamentdə yeni simaların olması, xaricdə Azərbaycanın maraqlarına uyğun mübarizənin aparılması hvacib məsələdir”.
 

H.Hacıyev partiya sədri kimi seçkilərdə iştirak edəcəyini söyləyib:
 

“Mənim üçün haradan namizəd olmağın fərqi yoxdur. Mən 4 dəfə prezidentliyə namizəd olmuşam, partiya sədriyəm. Əlbəttə ki, parlament seçkilərində iştirak edəcəm. Mənim üçün parlamentə seçilmək çətin məsələ deyil. Prezident seçkilərində mən 200-300 min səs toplamışam. Parlament seçkilərində çox sayda insanın səs verməsi gözlənilmir. Yəni bir dairədə səs verənlər olacaq. Rəsmi qərar verildikdən sonra geniş müzakirələr aparacağıq”.
 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də növbəfənkənar seçkilərin məqsədəuyğun olduğunu deyib:
 

“Azərbaycanda dünya əhəmiyyətli COP29 tədbiri keçiriləcək. Təxminən 80 minə yaxın adamın bu tədbirə qatılacağı gözlənilir. Bu tədbirə dünya ölkələrinin ciddi marağı var. Azərbaycan buna yaxşı hazırlaşmalıdır. Ona görə də parlament seçkilərinin vaxtının əvvələ çəkilməsi ilə bağlı söz-söhbətlər gəzirdi. Yeni Azərbaycan  Partiyasının bu addımı atacağı gözlənilirdi. Hesab edirəm düzgün addım atılıb. Bu müddət ərzində həm parlament, həm də bələdiyyə seçkilərinə hazırlaşmaq lazımdır. Eləcə də COP29 tədbirinə hazırlaşmaq lazımdır. Dünyada gedən proseslərə uyğun çevik, qərarlı addımlar atmaq lazımdır.
rtıq Azərbaycan diqtə olunan yox, diqtə edən tərəfdir. Ona görə də növbəti mərhələdə yeni parlamentə ehtiyac var. Çünki ermənilərlə bizim aramızda xeyli həllini gözləyən məslələr qalır”.  
 

E.Musayev vurğulayıb ki, partiyanın vəzifəsi seçkilərə hazır olmaqdır:
 

“Düşünürəm ki, partiyanın vəzifəsi bütün seçkilərdə iştirak etməkdir. İndiki halda biz parlament seçkilərinə hazırlaşırıq. Fevralda keçirilən prezident seçkilərinin bizim partiyamızın təbliğatı üçün mühüm əhəmiyyəti oldu. Biz bölgələrə getdik, rayonlarda görüşlər keçirdik, sesçicilərlə birbaşa təmasda olduq. Tariz açıqlanandan sonra partiya rəhbərliyi toplaşacaq və seçkilərdə iştirakla bağlı yekun qərar qəbul edəcəyik”.
 

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli növbədənkənar seçki qərarının sürpriz olmadığını deyib:
 

“Əslində, bu surpriz qərar deyil. Bu barədə danışanlar ən çox REAL Partiyasının İdarə Heyətinin üzvləri idi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi. Hətta bunu öncədən bildiyimizi nəzərə alaraq, hələ dekabr ayında Seçki Qərargahı təsis etdik və daha tez hazırlıqlara başladıq. Seçki Qərargahının rəhbəri Rəsul Cəfərov təyin edildi. İndiyədək onlarla toplantı keçirilib. Hazırlıq işləri, müşahidəçilərin iştirakının konsepsiyası, tezislər və proqram sənədləri ilə bağlı çoxsaylı müzakirələr aparılıb. Düşünürəm ki, REAL Partiyası seçkilərə öncədən hazırlaşmaqla düzgün qərar verdi. İndi REAL hazırlıqlı partiya kimi seçkilərə gedir. Çalışacağıq ki, ölkənin bütün ərazi vahidlərindən namizədlərimiz olsun. Amma əsas məsələ say deyil. Əsas məsələ keyfiyyət, seçkilərdə qalib gələ biləcək namizədlərin olmasıdır. Namizədlərin sayı və dairələri ilə bağlı son dəqiqləşdirmə işləri gedir. Düşünürəm ki, bu seçkilər gələcəkdə Azərbaycanın hansı yolu tutacağı ilə bağlı çox mühümdür”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim isə növbədənkənar seçki barədə belə deyib:

“Əlbəttə ki, bu qərara pis baxırıq. İndi parlament buraxılsa, ən isti vaxtlarda və qəflətən seçkilər keçiriləcək. Nə namizədlərin hazırlığı, nə də imza toplamaq və görüş keçirmək üçün vaxt var”.