Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Siyavuş Heydərov vəzifələrindən azad olunublar.
Viral.az işdən çıxarılan müavinlərin təcrümeyi-halını təqdim edir.
Son Yazılar:
- Makron İsrailə silah tədarükünü dayandırmağa ÇAĞIRDI
- Bir gündə 5 mindən çox livanlı Suriyaya KEÇDİ
- Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı VURDU
Səyyad Salahlı (Aran) 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.
O, 1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995-ci illərdə “Səs” qəzeti, baş redaktorun birinci müavini, 1995-2005-ci illərdə birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.
Səyyad Aran 2006-2010-cı illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu olub. O, 2012-ci ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini idi. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi-publisistik, dörd bədii kitabın müəllifidir. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
Siyavuş Heydərov 1957-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olub.
O, 1982-1985-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Komsomol Komitəsində təlimatçı, katib müavini işləyib. 1986-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsi – Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdə olub. Yaxın Şərq ölkələri üzrə təcrübəyə malikdir.
Sabiq müavin 2011-2014-cü illərdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində çalışıb. 5 may 2014-cü ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədr müavini vəzifəsində işləyirdi.
O, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017- ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. “Din və ideoloji təhlükəsizlik” və “Din və qlobal təhlükəsizlik” kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.