Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 11-ci iclası keçirilib.
Nazirlikdən Viral.az-a verilən xəbərə görə, iclasda iştirak etmək üçün Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə V.İşıkhanın təkbətək görüşündə iki nazirlik arasında əlaqələrin mövcud vəziyyətinə, iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki ölkənin dövlət başçılarının birgə səyləri ilə daim inkişaf etdiyi bildirilib. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də fəal əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. Artıq bu sahələr üzrə 7 əməkdaşlıq sənədinin imzalandığı, sosial müdafiə sahəsi ilə bağlı yeni saziş layihəsinin də hazırlandığı bildirilib.
İclasda iki nazirlik arasında qarşılıqlı təcrübə mübadilələrinin aparılması və birgə fəaliyyətin davam etdirilərək genişləndirilməsinin önəmi vurğulanıb. Bu sahədə görülən işlərə, gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Sonra S.Babayev və V.İşıkhan Birgə Daimi Komissiyanın 11-ci iclasının yekunlarına dair Protokolu imzalayıblar. Onlar keçirdikləri brifinqdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin ildən-ilə genişlənməkdə olduğunu vurğulayıblar. Yeni imzalanan sənədin bu istiqamətdə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Protokola əlavə olunan 2024-2025-ci illər üzrə Tədbirlər Planında həmin dövrdə aktiv məşğulluq proqramlarının icrası, əməyin təhlükəsizliyi və gigiyenası, əmək bazarının təhlili, əmək miqrasiyası, peşə hazırlığı və əlilliyi olan şəxslər üçün peşə reabilitasiyası, sığorta-pensiya, əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, “bir pəncərə” prinsipi əsasında dövlət sosial xidmətlərinin göstərilməsi, bu xidmətlərin elektronlaşdırılması və s. sahələrdə əməkdaşlığın, o cümlədən təcrübə və məlumat mübadilələrinin həyata keçirilməsi əksini tapıb.