Dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Viral.az “yenisabah.az”a istinadən Azərbaycan adına 2024-cü il Yay Olimpiya Oyunlarının ilk medalını qazanan Hidayət Heydərovun tərcümeyi-halını oxuculara təqdim edir:
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu “Neftçilər” metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.
2012-ci ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb. 2013-cü ildə kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən kadetlər arasında Avropa birinciliyində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Heydərov bir il əvvəl olduğu kimi, yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2015-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. 2017-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında iştirak edən Hidayət Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və macarıstanlı Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.
23 aprel 2017-ci ildə Avropanın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq görülüb. 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələn cüdoçu olub. 2022-ci ilin fevralında Təl-Əviv Böyük Dəbilqəsinin qalibi olur. Həmin ilin aprelində beş illik aradan sonra Bolqarıstanın paytaxtı Sofiyada ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanır.
Hidayət Heydərov hələ kiçik vaxtlarından döyüş idman növləri ilə yanaşı, futbola da maraq göstərib. O, uşaq yaşlarından “Mançester Yunayted” futbol klubunun qatı azarkeşidir. Hidayət boş vaxtlarında futbol və basketbol oynamağı sevir.
Ailəlidir, həyat yoldaşı Leyla Şahin tanınmış blogerdir.