Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür.
Viral.az xəbər verir ki, seçkilər ölkə ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində keçiriləcək.
Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. Seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.
MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirəcək.