Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb

Bakıda Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.

 

Viral.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Son Yazılar:

 

Olimpiada Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasının (ŞKTR), Tatarıstan, Krım, Qaraçaylar, Qaqauz, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Kərkük, Güney Azərbaycan türklərini əhatə edib. 

 

Olimpiadanın final turunda Azərbaycandan 20 iştirakçı olmaqla 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edib. Qızıl medal qazananlar arasında Azərbaycandan qatılan şagirdlər yer alır.

 

Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova xəbər verir ki, Olimpiadaya Gürcüstanın fərqli bölgələrindən “SOYDAŞ” İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 6 iştirakçı qatılıb. Onlardan 2-si gümüş, 4-ü bürünc medal qazanıblar.

 

Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmalarını, və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.

 

Olimpiadanın dörd əsas məqsədi var:

Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

 

Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

 

Qeyd edək ki, Olimpiada Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.