Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı, informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur. İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda, medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır. Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir.
Viral.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Bu konfransı üç ay bundan əvvəl başa çatmış 2-ci Şuşa Qlobal Media Forumunun məhsuldar müzakirələrindən irəli gələn məsələlərin diqqətdə saxlanılması, Şuşadan bütün dünyaya səsləndirilmiş vacib media mesajlarının davamı kimi qiymətləndirdiklərini bildirən Əhməd İsmayılov əlavə edib ki, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması dövlətin əsas məqsədlərindəndir.