DAAB-ın təşəbbüsü ilə onlayn formatda baş tutan görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
Viral.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alimlərin qatıldığı görüşdə DAAB-ın İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş sözü ilə çıxış ediblər.
DAAB-ın əsas fəaliyyət istiqamətləri və xaricdə yaşayan azərbaycanlı alimlərin birgə tədbirləri barədə məlumat verən M.Əfəndiyev görüşün önəmindən danışıb. Cari ilin sentyabrında Azərbaycanda keçirilən forum çərçivəsində Qarabağ Universiteti heyəti ilə bir arada olduqlarını xatırladan M.Əfəndiyev bu tipli görüşlərin davamlı keçirilməsinin əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, reallaşdırılacaq birgə fəaliyyətlər həm Qarabağ Universitetinin elmi potensialının gücləndirilməsinə, həm də bölgənin inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Son Yazılar:
- “Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
Möhtərəm Prezidentimizin “Qarabağ Universitetinin yaradılması tarixi hadisədir” sözləri ilə çıxışa başlayan rektor Ş.Bayramov işğaldan azad olunmuş əzəli yurdlarımızda belə bir müasir ali təhsil müəssisəsinin qurulmasında dövlətin yüksək diqqət və qayğısından danışıb. Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edən Ş.Bayramov əməkdaşlığın potensial istiqamətləri barədə geniş təqdimat edib. Tədris, elmi-tədqiqat və beynəlxalq fəaliyyət sahəsində mümkün işbirliyindən danışan Ş.Bayramov DAAB ilə əməkdaşlığın universitetin strateji hədəflərinə çatma yolunda əhəmiyyətli rolunu vurğulayıb. Bildirib ki, tədqiqat əsaslı universitetə çevrilməyi hədəfləyən Qarabağ Universiteti dünyanın aparıcı universitetləri və elmi-tədqiqat institutlarında çalışan azərbaycanlı alimləri bir araya gətirən DAAB ilə əməkdaşlıqda maraqlıdır.
Müzakirələrlə davam edən görüşdə xaricdə yaşayan alimlər institusional və fərdi formatda reallaşdırıla biləcək konkret addımlar barədə təkliflər səsləndiriblər.
Qarabağ Universitetinin hərtərəfli inkişafına dəstək məqsədi daşıyan birgə elmi-tədqiqatların aparılması, ortaq elmi tədbirlərin təşkili, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin qurulması, Universitetin tanıtımı, tələbələr və əməkdaşların müxtəlif təlim, təcrübə və mübadilə proqramlarına cəlb olunması və digər mövzularda fikir mübadiləsi aparılıb.
Sonda ilkin razılıq əldə olunmuş istiqamətlərdə müzakirələrin davam etdirilməsi və birgə fəaliyyət planı layihəsinin hazırlanmasına start verilməsi məqsədilə hər iki tərəfin müvafiq əməkdaşlarından ibarət birgə işçi qrup formalaşdırılıb.
Qeyd edək ki, Qarabağ Universitetinin tədqiqat əsaslı universitet modelində inkişaf etdirilməsi məqsədilə xaricdə yaşayan azərbaycanlı alimlərlə əməkdaşlıq diqqət mərkəzində saxlanılır.