Dünya Hakimlərinin Baş Assambleyası ölkəmizdə keçiriləcək

Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 66-cı İllik Toplantısı keçirilib.

Viral.az xəbər verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin sədri Ramiz Rzayev, sədr müavini Sənan Hacıyev və üzvü Tahir Kazımovdan ibarət nümayəndə heyəti iştirak edib.

Cənubi Afrika Respublikasının Ali Məhkəməsinin sədri Mandisa Muriel Lindelwa Maya, Ədliyyə və Konstitusional İnkişaf naziri Tembisile Simelane və təşkilatçı dövlətin digər rəsmi şəxsləri çıxış ediblər.

Son Yazılar:

Tədbir çərçivəsində həmçinin, “Süni intellekt və onun məhkəmə fəaliyyətinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib, bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Daha sonra Azərbaycan Hakimlər İttifaqının təşkilatın nizamnamə şərtlərinə uyğun olaraq, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı rəsmi müraciəti müzakirəyə çıxarılıb.

Ermənistan və Fransa nümayəndə heyətlərinin etirazına baxmayaraq, keçirilmiş gizli səsvermə nəticəsində səs çoxluğu ilə 2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının Bakı şəhərində keçirilməsi qərara alınıb. Toplantıda həmçinin iştirakçılara Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, milli və mənəvi dəyərlərini, habelə məhkəmə sistemini və bu sahədə həyata keçirilən islahatları, o cümlədən Azərbaycan Hakimlər İttifaqının fəaliyyətini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.