Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Viral.az apa.az-a istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş Tərlan Fərəcova ifadəsində bildirib ki, Müşfiq Tağıyev tək mühakimə olunmamalıdır: “Bunu killer kimi tutan hardadır? Ona köməklik göstərən dostları var, onları da gətirin…
Hadisə baş verəndə yuxuda olmuşam, ayılıb qışqırdım ki, kombi partlayıb. Yoldaşımı çağırdım, aşağı düşdük, gördüm ki, qızım güllələnib. Ondan sonra əlindəki silahla məni vurdu. Bir də ayıldım ki, qan məni götürüb aparıb. O birilərinin güllələnməsini görməmişəm”.
Son Yazılar:
- Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK
- “Gənclik” NMM-ə avtobusların girişi MƏHDUDLAŞDIRDI
- Xalq artistinin yerinə gətirilən Kamilə Dadaş-zadə kimdir?
Təqsirləndirilən Müşfiq Tağıyev isə ifadənin yalan olduğunu iddia edib. Bundan sonra, zalda tərəflər arasında mübahisə yaranıb.
Zərərçəkmiş Vüsalə Fərəcova təqsirləndirilən şəxsi tanımadığını deyib: “Səhər yuxudan oyandım, 7-yə işləyirdi. Uşaqlar gəlib qapını döydülər, qan içində idilər. Dedilər ki, anaları və ataları güllələnib”.
Zərərçəkmiş Nazim Orucov isə bildirib ki, tək adamın bu cinayəti törədə bilməsinə inanmır: “Bu iş yenidən ibtidai istintaqa qaytarılmalı, ən incə detalına qədər yenidən araşdırılmalıdır”.
Hakim isə bildirib ki, ağırlaşdırıcı sübut olarsa, iş yenidən ibtidai istintaqa qaytarıla bilər: “Hər hansı dəqiq əsaslarla vəsatətiniz varsa, müraciət edin, məhkəmədə baxılacaq”.
Zərərçəkmiş Mehman Sarıyev isə ifadəsində deyib ki, hadisə onlar üçün gözlənilməz olub: “Hadisə günü bərk şaqqıltı səsinə ayılıb küçəyə çıxmışam. Oğlum Etibar onların qapısından girən vuruldu. Mənə qışqırdı ki, gəlmə səni də güllələyər. Müşfiq mənim öz uşaqlarım kimi olub. Onun bu hadisəni törədəcəyinə inanmazdım.
Lakin hadisədən 10 gün qabaq evin qarşısında Müşfiqi gördüm, hadisədən sonra analadım ki, həmin evə gedib-gəlməyə bələdçilik edir, yol axtarırmış”.
Müşfiq Tağıyev isə onun düz danışdığını deyib: “Mən həmin ərazidə dəfələrlə olmuşam. Hadisəni necə törədəcəyimi planlaşdırmışam”.
Hadisə şahidi Yağmur Karakaş ifadəsində deyib ki, yuxudan duranda atası və anasını qan içində görüb.
Zərərçəkmiş Cansu Karakaş isə bildirib ki, güllə səsinə yuxudan ayılıb: “Birinci anam qapıdan çıxdı. Çıxan kimi vuruldu. Dədəm də eynilə qapıdan çıxan kimi vuruldu. Mən içəridəydim, atam dedi çölə çıxmayın. Atam da çölə çıxan kimi vuruldu”.
Proses dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.