Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə evsahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak və çıxış edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar”.
Viral.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Son Yazılar:
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
Deputat bildirib ki, 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələnir, tədbirin statusunu daha da yüksəldir. Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin bu ilki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a evsahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.
Deputatın sözlərinə görə, bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Yeni neft strategiyasının Azərbaycanın müstəqillik tarixində mühüm rolu hədsiz dərəcədə böyükdür, ölkəmizin iqtisadi inkişaf təməllərinin və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə dərin zəmin yaratmaqla bərabər, güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuş və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanması tarixi-iqtisadi rəmzi məna daşıyır. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapması təsadüfi deyil.
Pərvin Kərimzadə qeyd edib ki, bu kimi mühüm platformalara beynəlxalq marağın ildən ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir:
“Azərbaycanın beynəlxalq aləmlə əlaqələrini və əməkdaşlıq coğrafiyasını genişlənir. Bu coğrafiya ABŞ, Avropa İttifaqını, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir. Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən daha bir önəmin göstəricisi nüfuzlu dövlətlərin rəhbərlərin təbrik məktublarıdır. Bu xüsusda ABŞ Prezidenti Cozef Baydenin məktubunu da xatırlatmaq zəruridir. Nəzərə alaq ki, bir həftə ərzində ABŞ Prezidenti Azərbaycana ikinci məktubunu göndərir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ prezidenti təbrik göndərib. C.Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edən dairələrə də tutarlı cavabdır. Bu əlaqələri pozmağa çalışan erməni lobbisi məqsədlərinə nail olmadılar. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edəcək”.