BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən irəli sürülən Qəzza zolağında mərhələli atəşkəs planı ilə bağlı qətnaməni qəbul edib.
Viral.az xəbər verir ki, Rusiya BMT-dəki səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan 14 üzvü isə ABŞ Prezidenti Co Baydenin planını dəstəkləyib.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən sonra deyib: “Bu gün biz sülhə səs verdik”.
Qətnamədə yeni atəşkəs təklifi alqışlanır, İsrailin onu qəbul etdiyi bildirilir, HƏMAS təkliflə razılaşmağa çağırılır. BMT hər iki tərəfi gecikmədən və qeyd-şərtsiz öz şərtlərini tam şəkildə yerinə yetirməyə çağırıb.
Şuranın yeganə ərəb üzvü olan Əlcəzair qətnaməni dəstəkləyib. “Biz inanırıq ki, bu, dərhal və davamlı atəşkəsə doğru irəliyə doğru bir addımı təmsil edə bilər. Bu, fələstinlilərə ümid işığı verir. Qətlləri dayandırmağın vaxtıdır”, – Əlcəzairin BMT-dəki səfiri Amar Bendjama deyib.
Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzia İsrailin konkret olaraq nə ilə razılaşdığını soruşub və deyib ki, Təhlükəsizlik Şurası “qeyri-müəyyən parametrlərə” malik sazişləri imzalamamalıdır: “Biz sadəcə olaraq qətnaməni ərəb dünyası tərəfindən dəstəkləndiyi üçün əngəlləmək istəmədik”.
HƏMAS BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qəbul edilmiş qətnaməsini alqışlayıb. HƏMAS-ın dərc etdiyi bəyanatda hərəkatın qətnamənin bəndlərinin həyata keçirilməsi üçün dolayı danışıqlara başlamağa hazır olduğu bildirilir.
Co Bayden Qəzzada on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət atəşkəs planı təqdim edib.
Təklif atəşkəs, israilli girovların və fələstinli məhbusların azad edilməsi və Qəzzanın yenidən qurulmasını nəzərdə tutur.
Birinci mərhələ: Atəşkəs, girovların bir hissənin azad edilməsi və İsrailin qismən çəkilməsi
Planın birinci mərhələsi altı həftə davam edəcək və bu mərhələdə tam atəşkəs elan olunacaq. İsrail qüvvələrinin Qəzzanın “bütün məskunlaşmış bölgələrindən” çıxarılmalı, qadınlar da daxil olmaqla bir sıra girovların azad edilməsi, qocalar, yaralılar qarşılığında yüzlərlə fələstinli məhbusun sərbəst buraxılması təmin edilməlidir.
Bayden əlavə edib ki, bu mərhələdə fələstinli mülki vətəndaşlar Qəzzanın bütün bölgələrində öz evlərinə və məhəllələrinə qayıdacaq, bölgəyə hər gün 600 TIR humanitar yardım göndəriləcək.
“Atəşkəs zamanı bu yardım ehtiyacı olan hər kəsə təhlükəsiz və effektiv şəkildə paylana bilər. Beynəlxalq ictimaiyyət yüz minlərlə müvəqqəti sığınacaq, o cümlədən yaşayış yerləri çatdırıla bilər”, – deyə Bayden əlavə edib və birinci mərhələnin razılaşmanın əldə edilməsindən bir müddət sonra başlaya biləcəyini vurğulayıb.
Birinci mərhələdə təklifin növbəti mərhələsinə keçmək üçün İsrail və HƏMAS arasında danışıqlar aparılacaq.
İkcini mərhələ: Bütün girovların azad edilməsi və İsrailin tam çıxarılması
Bayden ikinci mərhələni “düşmənçiliklərə daimi son” adlandırıb. Bununla belə, o, əlavə edib ki, ikinci mərhələyə çatmaq üçün danışıqlar altı həftədən çox davam edə bilər, çünki iki tərəf arasında fikir ayrılıqları olacaq.
“İsrail öz maraqlarının qorunduğundan əmin olmaq istəyəcək, lakin təklifdə deyilir ki, əgər danışıqlar birinci mərhələdən altı həftədən çox çəksə, danışıqlar davam etdikcə atəşkəs hələ də qüvvədə qalacaq”, – Bayden bildirib.
ABŞ, Qətər və Misir bu müddət ərzində ikinci mərhələnin başlanması üçün “bütün razılaşmalar əldə olunana qədər” danışıqların davam etdirilməsini təmin edəcək.
Baydenin sözlərinə görə, ikinci mərhələdə kişi əsgərlər də daxil olmaqla sağ qalan bütün girovlar azad ediləcək, İsrail qüvvələri Qəzzadan çəkiləcək: “HƏMAS öz öhdəliklərinə əməl etdikcə, müvəqqəti atəşkəs hərbi əməliyyatların daimi dayandırılmasına çevriləcək”.
Üçüncü mərhələ: Qəzzanın yenidən qurulması
Bayden bu mərhələdə “Qəzza üçün əsaslı yenidənqurma planının başlayacağını və öldürülən girovların son qalıqlarının ailələrinə qaytarılacağını” söyləyib.
O, İsrailin “son səkkiz ay ərzində HƏMAS qüvvələrini darmadağın etdiyini” deyib və əlavə edib ki, hazırda HƏMAS daha bir “7 oktyabr” (HƏMAS-ın hücumunun başladığı tarix – red.) həyata keçirməyə qadir deyil”.
Bayden bildirib ki, Qəzzanın yenidən qurulması ilə bağlı razılaşmada ərəb ölkələri və beynəlxalq ictimaiyyət “HƏMAS-ın yenidən silahlanmasına imkan verməyəcək şəkildə” iştirak edəcək. O əlavə edib ki, Vaşinqton öz tərəfdaşları ilə Qəzzada evlərin, məktəblərin və xəstəxanaların bərpası üçün çalışacaq.
İsrail hökuməti planla razı olduqlarını bildirsələr də, hakimiyyət daxilində bəzi qüvvələr təklifə etiraz edib. İki ifrat sağçı İsrail naziri Baydenin açıqladığı sülh planına razılıq verilərsə, hakim koalisiyanı tərk edəcəkləri və hökuməti dağıdacaqları ilə hədələyiblər.
Maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildiriblər ki, onlar HƏMAS məhv edilməmişdən əvvəl Qəzzada istənilən atəşkəs razılaşmasına qarşıdırlar.
İyunun 3-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Bayden müharibəni bitirmək planını irəli sürərkən İsrailin təklif olunan atəşkəsin ikinci mərhələsində müharibəni bitirməyə razı olmadığını qeyd etməyi unudub.