50 yaşa çatmadan ölən azərbaycanlı JURNALİSTLƏR

“Baku TV”nin 1983-cü il təvəllüdlü jurnalisti Sərxan Kamallı iyunun 17-də saat 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib. Sərxan Kamallı bir gün əvvəl insult keçirmişdi. Onun 41 yaşı vardı.

Viral.az xəbər verir ki, Sərxan 50 yaşa çatmadan vəfat edən çoxsaylı azərbaycanlı jurnalistlərdəndir.

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli 2024-cü ilin martında Kiyevdə qəfil ürəktutmasından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı. İ.Camalbəyli 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, 4 damarı dəyişilmişdi.

Son Yazılar:

2023-cü ilin 20 iyulunda Azərbaycan Televiziyasının (AzTV) tanınmış aparıcısı Natəvan Babayeva vəfat edib. Natəvan Babayeva daha öncə ANS televiziyasının aparıcılarından biri olub. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun 46 yaşı vardı.

Ötən ilin 28 sentyabrında deputat, jurnalist Qənirə Paşayeva dünyasını dəyişib. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görmüş və o, ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq 48 yaşlı Qənirə xanımın həyatını xilas etmək mümkün olmayıb.

Qənirə Paşayeva 1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

2022-ci ilin 29 noyabrlnda jurnalist İlkin Zərbalıyev vəfat edib. O, dağınıq skleroz xəstəliyindən əziyyət çəkirdi. İlkin Zərbalıyev 1977-ci ildə Kürdəmirdə anadan olub. Son illər doğulduğu rayonda yaşayırdı. İ.Zərbalıyev  2000-ci ildən 2014 ilə qədər “Lider” Televiziyasının “Səda” xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb. Onun 45 yaşı vardı.

“Neftçi” TV-nin əməkdaşı, jurnalist Elvin Rüstəmov 2022-ci il dekabrın 13-də vəfat edib. Elvin Rüstəmov dekabrın 13-də Bakı-Quba yolunda avtomobil qəzasında dünyasını dəyişib. 31 yaşlı Elvin Rüstəmov həm də orta məktəbdə fiziki tərbiyə müəllimi işləyirdi.

4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər – AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) şəhid olublar. Sirac Abuşov 32, Məhərrəm İbrahimov isə 39 yaşında idi.

Jurnalist Nicat Nəsirli 2021-ci ilin sentyabrında vəfat edib. Beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, sentyabrın 29-da vəfat edib.

N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri vəzifəsində çalışmışdı.

Telejurnalist Elnur Əşrəfoğlu 19 oktyabr 2021-ci ildə koronavirusa yoluxma səbəbindən vəfat edib. Onun 47 yaşı vardı. Elnur Əşrəfoğlu “525-ci qəzet”, “7 gün”, “Azərbaycan” qəzetlərində və AzTV və “Space”də işləyib.  “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

28 dekabr 2021-ci il tarixində jurnalist Bəxtiyar Səfərov dünyasını dəyişib. Səbəb yenə ürəktutması… 

Bəxtiyar Səfərov uzun müddət “Exo” qəzetində çalışıb. “Exo” fəaliyyətini dayandırandan sonra müxtəlif KİV-lərlə əməkdaşlıq edib. Jurnalistin sonuncu iş yeri rusdilli Minval.az saytı idi.

2021-ci il sentyabrın 20-də rusdilli Caliber.az saytının əməkdaşı Zaur Mehdiyev 31 yaşında ürəktutmasından vəfat edib.

2021-ci il sentyabrın 27-də “De Media” internet platformasının fotoreportyoru Elgün Qasımzadə 25 yaşında həyata əlvida etdi. Səbəb yenə qəfil ürəktutması…

APA TV-nin əməkdaşı Natiq Qədimov 2017-ci il noyabrın 22-də vəfat edəndə 41 yaşı vardı. O, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib. Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açmışdı. İctimaiyyət onu ANS televiziyasında yayımlanan “İç Xəbər” və “Növbətçi” verilişlərindən tanıyıb. Əsasən kriminal xəbər aparıcısı və müxbiri idi.

2017-ci il martın 16-da gənc yazar, “Teleqraf.com” saytının redaktoru Mövlud Mövlud imzası ilə tanına Mövlud Abdullayev intihar edib. 26 yaşlı qələm sahibi özünü Binəqədi rayonu 7-ci mikrorayon, Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən atıb və elə hadisə yerində dünyasını dəyişib.

26 fevral 2017-ci il tarixində jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi. O qaraciyər serrozundan əziyyət çəkirdi.

40 yaşlı Zabil Müqabiloğlu “525-ci qəzet”, “Avropa”, “Tərcüman”,  “Yeni Müsavat” qəzetlərində çalışıb. Gunxeber.com saytının baş redaktoru olub.

2018-cil fevralın 12-də 39 yaşlı jurnalist Kamran İsrafilov qəfildən dünyasını dəyişib. K.İsrafilov səhər saatlarında işə gedərkən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, İctimai Televiziyada uşaq və digər verilişlərdə aparıcı olub.

Jurnalist Nicat Məlikov 2018-ci ilin yanvarında dünyasını dəyişib. O, mağazaya gedərkən yolda  ürəyi tutub və yıxılıb.  Nicat Məlikov 1979-cu ildə anadan olub, “Vesti.Az” saytında işləyirdi. Daha öncə isə uzun müddət “Zerkalo” qəzetində çalışıb.

Rusdilli medianın jurnalisti Namiq İbrahimov 4 yanvar 2017-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat edib. 1970-ci il təvəllüdlü N.İbrahimov Azərbaycanda “Zerkalo” və digər rusdilli mətbuat orqanlarında çalışıb. O, vəfat edərkən “Vesti.az” İnformasiya Agentliyində redaktor idi. Jurnalistin 47 yaşı vardı.

Qəfil ölüm “Lider” TV-nin 36 yaşlı müxbiri İlqar Qulusoyu 9 iyul 2016-cı ildə yaxalamışdı. Axşam saatlarında dostları ilə “Azərbaycan” Nəşriyyatının həyətindəki meydançada futbol oynayarkn qəfildən yıxılıb. İlqar Qulusoy ürəktutmasından vəfat edib.

“Space” telekanalının əməkdaşı Gülər Məmmədova 19 dekabr 2015-ci il tarixində dünyasını dəyişərkən süni nəfəs aparatına qoşulu idi. Gülər Məmmədovanın ailəsi onun müalicəsi üçün evini sataraq, kirayəyə köçmüşdü. Uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən xanım jurnalist iki dəfə Türkiyədə müalicə alsa da, sağalması mümkün olmadı.

2014-cü il sentyabrın 22-nə keçən gecə Bakı-Şamaxı yolunda baş verən ağır qəzada “Mercedes” və “KamAZ” markalı maşınlar toqquşmuşdu. Hadisə nəticəsində ölən 3 nəfərdən biri “Türküstan” qəzetinin redaktoru, 1986-cı il təvəllüdlü Fuad Abdürrəhmanlı idi.

Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində açıq ürək əməliyyatı keçirən 36 yaşlı jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

2011-ci il avqustun 10-da jurnalust Ceyhun Nağı səhər saatlarında evdən çıxarkən ürək ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilib. Ceyhun Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim Yol” qəzetlərində, anspress.com portalında çalışıb. Sonuncu iş yeri isə “Həftə içi” qəzeti idi. Orada redaktor vəzifəsində çalışırdı.

 

2010-cu il martın 16-da jurnalist İbrahim Bayandurlu 38 yaşında vəfat edib. O, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı idi. Daha əvvəl uzun müddət “Zerkalo” qəzetinin şərhçisi olub.

İ.Bayandurlur qara ciyərin serrozu, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi. İbrahim Bayandurlu Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi.

2010-nun aprelində BBC-nin rus xidmətinin əməkdaşı İlham Rzayev 31 yaşında vəfat edib. İlham Rzayev jurnalist karyerasına “Şərq” İnformasiya Agentliyində başlayıb. 2001-2004-cü illərdə “Exo” qəzetinin siyasət şöbəsində aparıcı müxbir işləyib.

2010-cu ilin noyabr ayında jurnalist Şahin Ağabəyli avtomobil qəzası nəticəsində həlak olub. 1976-cı il təvəllüdlü Şahin Ağabəyli “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib. 

2009-cu ilin dekabrında tanınmış jurnalist Elçin Səlcuq vəfat edib. İki il qaraciyər serrozundan əziyyət çəkən jurnalist 45 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Səlcuq jurnalistikaya “Azadlıq” qəzetində gəlib. “525-ci”, “Detektiv” qəzetlərində də çalışıb. Son illərdə isə “Proloq” ədəbi dərgisində çalışırdı.

Məşhur jurnalist Məmməd Nazimoğlu 2008-ci ilin iyul ayında vəfat edib. Məmməd Nazimoğlu şəkər xəstəliyindən, hepatitdən əziyyət çəkirdi, O, Türkiyədə İstanbul Memorial Xəstəxanasında müalicə almışdı. Məmməd Nazimoğlu “Aydınlıq” qəzetinin yaradıcılarından idi. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən biri idi. O, jurnalistika fəaliyyəti ilə yanaşı, Söz Azadlığı Müdafiə Fondunda icraçı direktor vəzifəsində də çalışıb. Vəfat edəndə onun 49 yaşı vardı.

2000-ci illərin ortalarında daha iki gənc jurnalist erkən yaşda bu dünyaya əlvida demişdi:

Əslən Qazaxdan olan jurnalist Vüqar Qocamanlı ağır xəstəlikdən vəfat etmişdi. O, “Şərq” qəzetində, APA informasiya agentliyində çalışıb. Subay idi.

“Zerkalo” qəzetinin əməkdaşı, əslən Gürcüstandan olan Elşad Qarabalov isə dənizdə çimərkən boğulmuşdu. Həyatını erkən yaşda itirən jurnalist ailə qurmamışdı.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında qətlə yetirilmişdi. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal ediblər. 2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb. Mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib. Elmar Hüseynov qətlə yetiriləndə 38 yaşı vardı.

“Konsensus” qəzetinin baş redaktoru İbrahim Niyazov (İbiş) 1999-cu ilin avqustunda öldürülüb. O, Bakıdakı yataqxanaların birində boğulmuş vəziyyətdə tapılıb. Sonradan onun qatilinin öz iş yoldaşının olduğu bəyan edildi. Mərhum subay idi.

1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olmuş Elmira Əmrahqızı da həyatdan erkən köçən jurnalistlərdəndir. Elmira Əmrahqızı 45 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Elmira xanım “Bakı”, “Baku”, “Nezavisimaya qazeta” “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını” və digər qəzet və jurnallarında çalışıb. 1989-1990-cı illərdə “Azadlıq” qəzetində işləyib. 

1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub. Elmira Əmrahqızı 27 fevral 1998-ci ildə dünyasını dəyişib.

1992-ci ildə Qarabağda həlak olan Çingiz Mustafayev 32 yaşında idi.

O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.

Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Jurnalist 1961-ci il təvəllüdlü idi.

Şəhid telejurnalist Alı Mustafayev AZTV-nin əməkdaşı idi. 1991-ci il noyabrın 20-də Alı Mustafayev Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Onun 39 yaşı vardı.

Fəxrəddin Şahbazov 20 il AzTV-də fasiləsiz operator peşəsində çalışıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. 41 yaşlı operator Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Kazımağa Kərimov bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. 40 yaşlı Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurularkən onun içində AzTV-də işıqçı kimi fəaliyyət göstərən 21 yaşlı Arif Hüseynzadə də vardı.

Müasir Azərbaycan jurnalistikasının əsasını qoyanlardan biri Nəcəf Nəcəfov da həyatla erkən vidalaşıb. O, 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra “Vışka” qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Sonra “Azadlıq” qəzetində çalışıb. 1990-cı ildə N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra 44 yaşında vəfat edib (modern.az).