Bu gün – iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Viral.az-ın məlumatına görə, bu tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin 1918-ci il iyun ayının 17-də imzaladığı qərar Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılıb, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılıb və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülüb.
Müasir Azərbaycanın tibb işçilərindən danışarkən işğal olunan ərazilərimizin azad edilməsi üçün 44 günlük Vətən müharibəsində iştirak etmiş həkimlər birinci olaraq yada düşür.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Səhiyyə Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralı hərbçilərə elə döyüş meydanında tibbi yardım göstərib, xeyli sayda əsgər və zabitimizin həyatını xilas edib. Arəstə Baxışova 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.
Vətən müharibəsində şəhid olmuş həkimlərimizdən biri tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir. Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərib. O, Xocalı rayonunun Çanaqçı kəndində pusquya düşürülərək şəhid oledilib. R.Abdullayev Azərbaycanın hərb tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.
Tibb xidməti leytenantı olan Azər Şəmilov Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olub.
Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərimizdən biri də Turqut Xəlilbəylidir. Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. 2020-ci il oktyabr ayının 7-də düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşüb. Bu zaman aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəyli şəhid olub.
Tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun 25 yaşı vardı.
Mirlətif Ağayev Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanıb. 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.
Anar Məmmədov Azərbaycan Silahlı Qüvvələrininkapitanı, Vətən müharibəsinin iştirakçı həkimlərindən biridir. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub.
Tibb xidməti baş leytenantı Nurlan Fərəməzov da Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. O, Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərib. Bir çox yaralı igid oğullara ikinci həyat verib. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alıb, elə döyüş meydanında əbədiyyətə qovuşub.
Şöhrət Qasımov tibb xidməti baş leytenantı idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdu. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmiş, 29 sentyabrda şəhid olmuşdu.
Tariyel Salmanov da Vətən müharibəsinin şəhid həkimlərindəndir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel könüllü olaraq ordu sıralarına yazılıb. İki ay sonra – sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılıb və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulub. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək edərkən düşmənin atdığı minamyot mərmisi nəticəsində şəhid olub.