24 ildən sonra: Kim Çen İnə maşın, Putinə silah…

Rusiya prezidenti Putin 24 il əvvəl Şimali Koreyaya səfər edəndə Şimali Koreyanı hazırkı lider Kim Çen Inın atası Kim Çen İr idarə edirdi.

 

Vladimir Putinin 2000-ci ildən bəri Pxenyana ilk səfəri Rusiya və Şimali Koreya üçün Qərbə qarşı ittifaq görüntüsü yaratmaq şansı olub. Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Ukraynaya müdaxiləsinə “tam dəstəyini” bəyan etməklə bunu nümayiş etdirib.

Son Yazılar:

 

Qərb mediası və beyin mərkəzlərinin əsas diqqət mərkəzində olan səfəri Seul, Tokio, Vaşinqton və Brüssel xüsusi maraqla izləyib. BBC yazır ki, Rusiya tərəfinə müharibəni davam etdirmək üçün Şimali Koreyanın hərbi istehsal məhsulları, qarşı tərəfə isə bunun qarşılığında əldə edəcəyi maliyyə vəsaiti lazımdır.

 

Xüsusilə Çinin Moskva-Pxenyan yaxınlaşmasına diqqət çəkən nəşr qeyd edir ki, bəzi əlamətlərə görə Çin lideri iki müttəfiqi arasında inkişaf edən bu əlaqəni bəyənmir. Belə ki, Çinin may ayında Pekində keçirilən Si Cinpin-Vladimir Putin görüşü zamanı Rusiya liderini Pxenyana getməməyə çağırdığı barədə qeyri-rəsmi məlumatlar var. Çin Rusiyaya dəstəyini kəsmək və Ukraynada müharibəni alovlandıran avadanlıqların satışını dayandırmaq üçün artıq ABŞ və Avropanın güclü təzyiqi altındadır.

 

 

Tokio və Seulun səfəri necə qarşılaya biləcəyinə gəlincə, Pxenyanın silah sınaqları Yaponiya və Cənubi Koreyaya acı tarixlərini bir kənara qoyub ABŞ ilə müdafiə sazişi imzalamağa məcbur etdi. Gərginlik artdıqda Sakit okean sularında daha çox ABŞ hərbi gəmiləri peyda olur. 

 

Görüşün deklarativ tərəfləri qabardılsa da, Pxenyanın Rusiya ilə müqayisədə Çinə həmişəkindən daha çox ehtiyacı var. Çin Şimali Koreya liderinin səfər etdiyi yeganə ölkədir. Şimali Koreyanın neftinin dörddə biri Rusiyadan gəlsə də, ticarətinin ən azı 80 faizi Çinlədir. Yəni Putin və Kim Çen İn müttəfiq kimi görünməyə çalışsalar da, onların Çinlə münasibətləri hər iki ölkə üçün qat-qat önəmlidir.

 

Putin-Kim görüşü zamanı açıqlanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iki ölkə baxımından əhəmiyyətli olsa da, Kiyev üçün Pxenyanın Moskvaya sursat tədarükünü davam etdirə biləcəyi o qədər də qorxulu deyil. Ekspertlər həmçinin Rusiya və Şimali Koreyanın fərqli əməliyyat sistemlərindən istifadə etdiyini, Şimali Koreyanın sistemlərinin keyfiyyətsiz olduğunu və getdikcə köhnəldiyini düşünürlər.

 

Daha da önəmlisi odur ki, Rusiya və Şimali Koreya onilliklər ərzində təkbətək münasibətlərə üstünlük vermir. Putin Qərblə birlikdə olduğu müddətdə Pxenyana iki dəfə sanksiya tətbiq edib. Əslində ABŞ Çin, Cənubi Koreya və Yaponiya ilə birlikdə Şimali Koreyanı nüvə proqramından əl çəkməyə razı salmağa çalışırdı.

 

 

Putinin 24 ildən sonra ilk dəfə Şimali Koreyanın paytaxtı Pxenyana getməsi və Şimali Koreya lideri Kim Çen İnlə görüşməsi bir sıra maraqlı məqamlarla da yadda qaldı. Belə ki, Putin Kim Çen İnə Rusiya istehsalı olan və özünün də istifadə etdiyi “Aurus” markalı limuzini, çay dəsti və qılınc hədiyyə edib. Şimali Koreya lideri Kim Çen İn Rusiya lideri Vladimir Putini Şimali Koreyanın paytaxtı Pxenyan hava limanında qarşılayıb.

 

Kim Çen İn Rusiyanın Ukraynadakı müharibəsinə “tam dəstək” verdiyini və Moskva ilə daha güclü strateji əlaqələr vəd etdiyini bildirib. Kim Çen İn görüşdən sonra verdiyi açıqlamada Putini “Koreya xalqının ən yaxın dostu” adlandırıb. Putin isə Rusiya və Şimali Koreyanın siyasi motivli sanksiyalara qarşı olduğunu vurğulayaraq, Kim Çen İn ilə görüşlərində dünyada baş verən hadisələrin müzakirə edildiyini bildirib.

 

Kim Çen İnin lüks avtomobillərlə maraqlandığı məlumdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri Şimali Koreyaya lüks malların ixracını qadağan etdiyindən lüks avtomobillərin ölkəyə qeyri-qanuni yollarla gətirildiyi təxmin edilir. Məlumdur ki, Kim Çen İnin kolleksiyasında “Maybach” limuzini, bir neçə “Mercedes”, “Rolls-Royce” Phantom və “Lexus” idman avtomobili var.

 

Pxenyandan sonra Putin Vyetnama gedib.