Qazaxıstanın nümayəndə heyəti Ağsaqqallar Şurasında

İyun ayının 21-də ölkəmizdə səfərdə olan qardaş Qazaxıstan Respublikasının Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov, eləcə də Manqistau vilayətinin Xalq Assambleyasının sədri, Mediasiya Şurasının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna və başqaları Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüşüblər.

 

Viral.az xəbər verir ki, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili Ağalar Vəliyev və professor Vahid Novruzov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Son Yazılar:

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Qazaxıstan nümayəndə heyətini salamlayaraq, qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Vurğulayıb ki, iki ölkənin dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev arasında mehriban münasibətlər, yüksək səviyyəli səfərlər və qarşılıqlı etimad münasibətlərimizin yeni mərhələyə adlamasında mühüm rol oynayır.   

 

Regiondakı mövcud vəziyyət barədə qonaqları ətraflı məlumatlandıran Eldar Quliyev Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirdiyini deyib. Qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işləri aparır, insanlar mərhələli şəkildə öz dogma yurdlarına qayıdırlar. Qarabağda, Şərqi Zəngəzurda həyat 30 ildən sonra yenidən öz axarına qayıdır. 

 

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə səsləndirdiyi kimi bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır. Dövlətimizin başçısı bununla Türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasının, münasibətlərimizin dərinlşdirilməsinin vacibliyi mesajını verdi”, – deyə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev vurğulayıb. 

 

Qazaxıstanın Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov iki ölkə arasında münasibətlərin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ulu Öndərin Türk dövlətləri arasında xidmətlərini xüsusi qeyd edən qonaq Azərbaycana səfərin ölkələrimiz və xalqlarımız arasındakı mövcud mehriban münasibətlərin daha da genişləndirilməsi məqsədi daşıdığını qeyd edib.  

 

Azərbaycan xalqına qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən Onaybek Abdilov seçkilərin xalqımız və dövlətimiz üçün faydalı olacağından əminliyini ifadə edib. 

 

Qazaxıstanın Manqistau vilayətinin Xalq Assambleyasının sədri, Mediasiya Şurasının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna ölkələrimiz arasında mədəniyyət, elm, gənclər sahəsindəki əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. 

 

Türk xalqlarının adət-ənənələrinin, mədəniyyətinin və xüsusilə ailə dəyərlərinin qorunmasının vacibliyinə diqqət çəkən Amangül Abdiqaliyevna Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olduqlarını və müəyyən məsələləri qarşılıqlı müzakirə etdiklərini deyib. 

 

Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Türkdilli dövlətlər arasında mövcud olan əlaqələrin intensivləşməsindən məmnunluğunu ifadə edən natiq əməkdaşlığımızın daha da gücləndirilməsi barədə fikirlərini bölüşüb.   

 

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və Qazaxıstan Respublikasının Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov kütləvi informasiya vasitələrinə müsahibə veriblər.