Müəllim olmaq istəyənlər üçün sonuncu gün

İyulun 10-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

 

Təhsil İnstitutundan Viral.az-a bildirilib ki, test imtahanları ölkə üzrə 39 imtahan mərkəzini əhatə edir. İmtahanlara ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub.

Son Yazılar:

 

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

 

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual – 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərir.

 

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılır.

 

İmtahanda ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

 

Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Ötən illərdə olduğu kimi, bu il də əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

 

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.