Mərakeşdə 28 May tədbiri 

Rabat şəhərində Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyinin təşkilatçılığı ilə 28 may- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.

 

Viral.az xəbər verir ki, tədbirdə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Son Yazılar:

 

Səfir Nazim Səmədov tədbiri giriş sözü ilə açaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə, Sərqdə ilk dünyəvi, parlamentli respublikanın təsis edilməsi, çoxpartiyalı sistem, plüralist parlament və azad medianın fəaliyyət göstərməsi, Şərq aləmində ilk olaraq qadınlara səsvermə hüquqlarının verildiyi mütərəqqi dövlətin əsasının qoyulduğunu qeyd edib.

 

Azərbaycanla Mərakeş arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə toxunan səfir 2024-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfərinin 30-cü ildönümünün qeyd edildiyini əlavə edib və bu səfərin ölkələr arasında əlaqələrin təməlini qoyduğunu vurğulayıb. Bununla yanaşı, çıxışda cari ilin fevralında Azərbaycanda keçirilmiş növbədənkənar Prezident seçkilərinin müstəqillik tariximizdə ilk dəfə olaraq, bütün ölkə ərazisində təşkil edildiyi və seçkilər nəticəsində cənab İlham Əliyevin inamla qələbə qazandığı qeyd olunub. Bununla yanaşı, 2024-cü ildə ölkəmizdə təşkil ediləcək COP29 kimi mötəbər beynəlxalq tədbirə dair məlumat verilmiş, habelə Şuşa şəhərinin bu il İslam dünyasının Mədəniyyət paytaxtı elan edildiyi vurğulanıb.

 

Tədbirdə çıxış etmiş Mərakeş Krallığının Sənaye və Ticarət naziri Ryad Mezzur eyni dəyər və ənənələri bölüşən Azərbaycanla Mərakeş arasındakı münasibətlərin dərin fundamentə söykəndiyini bildirib və əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin ali rəhbərləri arasında mövcud dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb. Ötən ilin noyabrında Rabatda keçirilmiş Azərbaycan-Mərakeş Birgə Hökumətlərarası Komissiyanın 2-ci toplantısı və ilk Biznes Forumun ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi xüsusi qeyd olunub. Bununla yanaşı, bir neçə gün öncə iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış ümumvətəndaş pasportlarına münasibətdə viza tələbinin aradan qaldırılmasına dair sazişin xüsusilə turizmin inkişafında əhəmiyyətli olacağına diqqət çəkilib. Nazir həmçinin, iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib və hər iki ölkənin əlverişli coğrafi mövqeyini nəzərə alaraq, investisiyaların təşviqi və biznes əlaqələrinin gücləndirlməsinə dair çağırış edib.

 

Ziyafət mərasimi çərçivəsində həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən ilin oktyabrında ölkəmizə səfər etmiş Mərakeşli məşhur fotoqraf Mohammed Tazinin Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və tarixini əks etdirən fotosərgisinin təqdimatı da baş tutub. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mərakeşdə səfərdə olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə və gənc pianoçu, beynəlxalq mükafatlar laureatı Firuzə Bəylərovanın ifasında məşhur Azərbaycan, eləcə də dünya bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin, ölkəmizin turizm potensialı ilə bağlı video-çarxlar nümayiş etdirilib, Azərbaycan guşəsində milli mətbəximizin nümunələri qonaqlara təqdim edilib.