Əvvəlcə Yaponların etnik və irqi kökəni ilə əlaqədar digər tezislərin mövcud olduğunu da nəzərə almalıyıq. Bu tezislər Yaponların Okeaniya və ya Cənub-Şərqi Asiya, Çin kökənli və Sarı irqdən olduqları yönündə birləşir. Bəs bu iddialar doğrudur ya yanlış?
Bir neçə yazar, Malaziya, Filippin, İndoneziya və Polineziya kimi okeaniya adalarından yerlilərin, hətta Tamil kimi hind kökənlilərin Yapon adalarına köçü ilə Yapon millətinin ərsəyə gəldiyini söyləməkdədirlər. Sansomun dediyi kimi, bu görüşün doğruluğunu isbat edə biləcək heç bir dəlil yoxdur. Ayrıca, “Təməldə Yaponlar bir qitə irqidirlər. Dilləri və fiziki xüsusiyyətləri, dəqiq olaraq onların Şimali Asiyadan gəldiklərini göstərir və coğrafi tədqiqatlar da Koreyanın onların keçiş nöqtələri olmasına işarə edir. Həqiqətən Koreyadan Yaponiyaya dağınıq bir köç tarixi zamanlarda da davam etmişdir. Şimali Asiya dediyimizdə, Çini kənarda buraxırıq. Yaponların Çinlilərə olan irqi yaxınlığı (ki bunu tez-tez eşidirik) hesaba qatılması çox az ehtimal olan şeydir” (Bax: Aston W.G.Shinto: The Ancient Religion of Japan, replicated by UT Back-in Print Service, The University of Toronto, Canada, 2001, s. 1).
Yaponların Çin və ya Cənub-Şərqi Asiya kökənli olduqları yönündəki tezislər o qədər də qüvvətli deyil. Etnik kökənin təyin olunmasında din faktoru da müəyyən rol oynamaqdadır. Yaponların milli dini olan Şintoizm, kültürəl və mədəni olaraq Türk Kam-Şaman inancına bənzəməkdədir (Bax: Bayraktar M. Türkler Ve Japonlar, Tek Ağaç Eylül Yayıncılık, 2007, s. 97). Ballou bu nüansı belə ifadə edir: “Erkən Yapon dini inanclarının ilk təməl mənbələri, Çindən ziyadə Şimali Asiyadadır.” Eyni şeyi Hall da söyləyir; “Yaponlar… dil, sosial adətlər və dini inancları baxımından çox güclü bir şəkildə şimal-şərqi Asiyaya bağlıdırlar.” Arxeoloji qazıntılar və tapıntılara gəldikdə isə, Yaponiyanın ön tarixinin başlanğıcı və ya miladı Komon mədəniyyəti (Comon Culture) olaraq adlanır. M.ö. 4200-250-ci illəri əhatə etmişdir. M.ö. 3-cü əsrləri əhatə edən və Komon mədəniyyətinin davamı olan mədəniyyətə isə “Yayoi mədəniyyəti” deyilir. Antik Yapon tarixinin bünövrə daşları bu iki mədəniyyətdir. İndi bu iki mədəniyyət dövrünə aid tapıntılardan elm adamlarının gəldiyi nəticələrə və fikirlərə baxaq: “Luçu adalarına qədər çatan, lakin Formosaya qədər çatmayan Komon mədəniyyəti, Cənubi Çin və Hind-Çini əhatə edən Neolit dövrü mədəniyyətlərindən ayrı bir qrupa aiddir. Beləliklə, Komon mədəniyyətinin şimal kökənli olduğunu təxmin etmək ağlabatandır, əgər belədirsə, Yaponiyadakı neolit dövrü qalıntılarına bənzərlik göstərən qalıntıların Şimali Asiya qitəsindəki bəzi bölgələrdə də tapılmasını gözləməliyik. Həqiqətdə isə belə bir bənzərlik, Koreyada olub erkən dövr neolit dulusçuluğunun bəzi ilkəl tiplərində var. Fəqət bu, Komon tipdəki dulusçuluqdan fərqli olaraq Yayoi tipdəki dulusçuluğa bənzəyir, beləliklə indilik dulusçuluğun və ya başqa daş sənətinin Yaponiyanın erkən neolit dövrü mədəniyyətinin kökəninə işıq tutmur. Sadəcə bənzətmə ilə, əgər Yayoi mədəniyyəti Koreya yolu ilə Şimali Asiya qitəsindən gəlibsə (bu hardasa dəqiqdir), coğrafi özül diqqətə alınaraq daha erkən Komon mədəniyyətinin də bənzər bölgədən gəlməsi ehtimal daxilindədir və çox güman ki, eyni yolu izləyib (Bax: Sansom G. B. Japan, A Short Cultural History, Tokyo, 1997, s. 4). Mr.Sansom Comon mədəniyyətinin köklərinin Cənubi Çin və ümumilikdə cənub-şərqi Asiyadan dəqiq şəkildə fərqli olduğunu ifadə edir və tarixdən əvvəlki Yapon mədəniyyətinin Şimali Asiya kökənli olduğunu müdafiə etməkdədir. Aradakı körpünü isə Koreya vasitəsilə qurur və tezisini Koreyada tapılmış erkən Neolit dövrü dulus qalıntılarının Comon mədəniyyətinə aid olan duluslara bənzədiyi arqumenti ilə təməlləndirir. Bənzər bir fikri Hane Mikiso da müdafiə edir. Yayoi bəzək sənətinin köklərini Altay dillərinin danışıldığı bölgədəki tapıntılarla müqayisə edir və Yaponların köklərini bura bağlayır. Koreya bağlantısını Bersihand Roger də ifadə edir və bununla kifayətlənməyib Yaponiya adalarına köç edən ilkəl qəbilələrin Ural-Altaylı və ya Altay-Tunquz kökənli olduğunu söyləyir: “Yaponiyaya ilk axının Cənubi Koreya yolu ilə olması gərəkdir… Kyüşünün şimalından girərək oradan da bütün adalara yayılmışdılar. Bu ilk gələnlər Ural-Altay və ya Altay-Tunquz deyilən xalqlardan olmuşdu. Yaponların Şimali Asiya kökənli olduqlarını doğrulayan Kaizuka deyilən tarixdən əvvəlki qalıntılar tapılmışdır”. Beləliklə Yaponların Okeaniya adalarının yerlilərindən törəməsi haqqında görüşlərin yanlışlığı da dəqiqləşmiş olur. Yaponların dillərinə gəldikdə isə, türkoloq Osman Karatay bir sıra fərqlərlə birlikdə yaponcanın Altay dili ola biləcəyinə işarə edir; “Yaponca: 130 milyona yaxın insan tərəfindən Yaponiyanı oluşduran adalarda danışılan dildir. Ən qədim mənbələri Türkcə ilə eyni dövrə gedib çıxır. Bu səbəbdən, Altay çalışmalarında tarixi dərinliyin təmin olunması baxımından önəmlidir… Səs və sistemi daha fərqli olmaqla birlikdə, fonetik quruluş xüsusiyyətləri baxımından Ural-Altay bölgəsi dillərinə bənzəyir…” (Bax: Osman Karatay, Ural-Altay Kuramı, Selenge Yayınevi, İstanbul 2020, s. 47-48).
Son Yazılar:
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
Məşhur “Dünya Tarixi” əsərinin müəllifi H.G.Wells Ural-Altay dillərindən bəhs edərkən Koreya və Yapon dillərini də zikr edir. Lakin dəlilləri yetərli görmür. Etnoqrafik araşdırmalar, Yaponların Turan ailəsinin çox erkən ayrılmış bir qolu olduğunu doğrulamaqdadır. Məşhur Yapon tarixçi Eqami Namioya görə m.s. 3-cü əsrdə Yapon adalarındakı ilk dövlət Yamoto adı altında Altaylı köçərilər tərəfindən qurulmuşdur (Bax: Ələsgər Siyablı, Dünya Tarixində Turan Dövrü, Köhlən Nəşriyyatı 2021, s. 424). Onu da qeyd edək ki, ilk Yapon imperatorunun adı türkcə olub, Meimandır (Bax: Закирьзяанов Кайрат. Под Знаком Волка, 2012, s. 141). Cənub-Şərqi Asiya və Çin tezislərini rədd edən Mr.Sansom əmin bir şəkildə Yaponların Ural-Altaylı olduğunu söyləyir: “Bu qısa xülasə, arxeoloji tədqiqatların ortaya qoyduğu kimi tarixdən əvvəlki Yaponiyanın tarixidir. Bundan, Neolit dövrünün sonuna doğru ölkənin, etnoloqlar və daha doğrusu linqvistlərə görə Ural-Altay olaraq tanınan, Finlərin, Samoyedlərin, Hunların, Tunquz qəbilələri və Monqolların da daxil olduğu xalqlar tərəfindən məskunlaşdırıldığı nəticəsinə dəqiqliyə yaxın bir qənaətə gəlirik”. Mr.Vheeler isə erkən Yaponları “Türklərin əmiuşağı olan Ural Tatarı” sayır və C.K.Parkerin fikirlərinə qatılaraq Yaponları Koreyadan gələn Türkcə-Tatarca danışan işğalçılar olaraq ifadə edir: “Qəbilə adətləri, evlənmə, cənazə ayinləri, xürafələr, kahinlik üsulları, dil, fiziki ölçülər və yüzlərlə başqa şeydən ortaya çıçan ən müdafiə edilə biləcək nəzəriyyə, Yaponları, müştərək Altay qrupu deyə adlandırılan Doxanın “Şimali Himalay Mərkəzi”nə yerləşdirməkdədir. Qısaca bu qrup, ən təməldə, Mancur əkinçisinin, Monqol köçərisinin, Koreyalının, Türkün və Hunların əmisi oğlu olan bir Ural Tatarıdır. C.K.Parkerin təmsil etdiyi bir qrup elm adamı Yaponları, Türkcə-Tatarca danışan və Koreyadan gəlmiş işğalçılar hesab etməkdədir”. Təsadüfi deyil ki, Sir Sykes də Yaponiyanı bir “Turan dövləti” hesab edir. Qısaca; Yaponlar və Türklər əmioğludur. Qohumdur. Eyni ulu ağacın kökləri birləşən iki ayrı budağıdır.
Nağıbəyov Məmmədtağıbəy