Həmin gecə yuxumda ağ göyərçin görmüşdüm, amma səhəri iki qara qarğanın ah-naləsinə oyandım. Odur ki, vaxt itirmədən yuxudan oyanar-oyanmaz, qardaşımla birlikdə bağa düşdük.
İlk dəfə idi ki, bir quşun göydə narahat qıy vurmasına şahidlik edirdik. Quşun həyacan təbilinə bənzər səsi bizim də narahatlığımızı artırırdı.
Çox vaxt əsəb korlayan, köntey və bərbad qarğa səsindən zara gələrdik. Bu dəfə isə qarğa cır və yoğun səsini imdat səsiylə əvəzləmişdi.
Son Yazılar:
- ŞAD XƏBƏR – Bu sahədə çalışanların maaşları artırılacaq
- Milli Məclisdə 2025-ci il üçün büdcə zərfinin müzakirəsi BAŞLADI
- Bu il Gürcüstanda prezident seçkiləri KEÇİRİLƏCƏK
Göydə pərvaz edən bu iki qarğa eləbil qartal qanadı taxmışdı. Fikri isə “taxdığı qartal qanadları” ilə üstündə uçuşduğu bağı yerlə-yeksan eləmək idi.
Hər zaman hündürdə dayanan, yüksəkdə uçan bu quşlar nədənsə əvvəlki qürurundan, əzəmətindən uzaq düşmüşdü. Vaxtilə göylərdə qalxana qılınc vurantək qanad çırpan, kamandan çıxan ox kimi səmada süzən bu quşlar indi çarəsiz halıyla insan oğluna həsəd aparır, sanki ona qibtə edirdi.
Biz isə dayanmadan ətrafa nəzər yetirirdik. Bu zaman torpağın üstündə çırpınan bala qarğa gözümüzə dəydi. Tələsik quşu yerdən götürdük. Ayaqlarına və dimdiyinə ilişmiş bərk salafan materialı ehmalca sökərək atdıq. Və taqətsiz, haldan düşmüş bala qarğanı ağ göyərçintək səmaya buraxdıq.
Bayaqdan başımız üstündə var-gəl edən, qanad çırpıb imdad diləyən iki qara qarğadan əsər-əlamət qalmamışdı. Yeni tikilən binanın dəmir konstruksiyası üzərinə qonan quşlar, sanki öz xilaskarlarına təşəkkür edirdi. Həyəcan və yalvarış dolu səsləri isə minnətdarlıq səsi ilə əvəzlənmişdi.
Əsgər İsmayılov