Biganəlik…

Ucal ailənin tək uşağı idi. Məhəlləmizdən iki küçə yuxarıda, üzü metroya tərəf “xurşovka” binanın birinci mərtəbəsində qalırdı. Bizdən yaşca böyük idi. Ailə də qurmamışdı. Yadımdadır ki, məktəbdə oxuduğumuz illərdə, o, ikinci ali təhsilini alırdı.

Təhsili, ailəsi onun tərbiyəsində çox böyük rol oynamış, özü də sözün tam gerçəkliyi ilə insan kimi “yetişmişdi”. Baxmayaraq ki, ögey ata-anası onu uşaq evindən götürmüşdü.

Tez-tez Ucalgilin bir otaqlı, darısqal evlərinin taxtadan olan qapısını döyür, onu futbola dəvət edərdik. Məmnuniyyətlə gələrdi, işi çıxanda, bəlkə də on dəfə üzrxahlıq edərdi.

Son Yazılar:

Evlərindən gülüş səsi əskik olmazdı. Bir də Ucal fısqırıq pianoçu idi: az qala çalğısıyla “tufan qoparar”, alətin dillərini məharətlə elə “danışdırar”, elə cuşa gətirərdi ki, qısa zamanda evlərinin önündə səsə duyuq düşənlərdən “ordu” yaranardı.

Ucalı fərqləndirən ən üstün cəhəti bilirsiniz nə idi? Ailəsinə bağlılığı… Getdiyi yerdən evə tez dönər, futbol oynayanda fasilə zamanı valideynlərinə nigaran qalmasınlar deyə zəng edərdi.

Günlərin birində Ucalın atası xəstəlikdən dünyasını dəyişdi. O vaxtdan ağ pianonun üstünə qara parça örtüldü. Daha bu dardütdək evdə nə alət dilindən, nə insan ağzından major səslər eşidilmədi. Sonra da fələk saydığını saydı, Ucalın anası da əbədiyyətə qovuşdu.

O zamandan bəri fələk nə kələk etdisə, Ucalın xoşbəxtliyini birdəfəlik əlindən aldı. Bu mənzərə Ucalın saflığını, təmizliyini sevən hər kəsi qəmə batırdı.

Aylar dolandı, illər ötdü. Ucal dərdini qəlbinə, xatirələri sinəsinə yığıb, deyəsən, birdəfəlik buralardan uzaqlaşdı. Uzun illər ərzində ondan nə səs-soraq gəldi, nə də onu görən oldu. Barəsində dildən-dilə, ağızdan-ağıza gəzən çiy ifadələr eşidildi.

Tam təsdiqli, aydın mənzərə də vardı: anasının hər dəfə süpürüb-suladığı blok zir-zibil içində idi. Atasının daşdan-kəsəydən arıtladığı, kol-kosdan təmizlədiyi xudmani bağı alaq otları, siqaret kötükləri basmışdı. Torlu, tozlu pəncərələrindən kədər boylanırdı. Qonşular hər kəsə yaxşılıq edən, çətin anlarında həmdəm olan ailənin yetim qalmış evlərinin önünü zibilxanaya döndərmişdi.

Bir gün yenidən Ucal barəsində fikirlər məhlə-məhlə yayıldı. Biri dedi, Ucalı şəhərdə gördüm, işıqlı çöhrəsini qara tüklər örtmüşdü. Digəri dedi, alnını çalın-çarpaz, dibi zülmətə açılan qırışlar örtmüşdü.

Ancaq Ucal olanlardan xəbərsiz və xoşbəxt idi. O, valideynlərinin yanında rahat uzanıb, üzərini də qara torpaqla örtmüşdü.

Əsgər İsmayılov