Çağdaş qlobalçılıq dönəmində qadına “münasibət”

Yazı hazırlayarkən müəllifin məqsədi təkcə yazının ona məşhurluq gətirməsi olmamalıdır. Yazının insanların və cəmiyyətin müəyyən probleminin həllinə yönəlmiş olmasıdır. Dövlətindən, coğrafiyasından asılı olmayaraq, hər bir cəmiyyətin müəyyən çətinlikləri olur. Bu mənada yazıdakı qaldırdığım məsələ də son dövrlərdə Azərbaycanda prioritet hal alan qadın cinayətləri ilə bağlıdır. Hansı ki, əvvəl xarici telekanallarda qadın cinayətlərilə bağlı sujet, reportaj, xəbər gördükdə, bizə qəribə gəlir: halımıza şükür edirdik. Lakin düşünmürdük ki, bu cinayətlər bizdə də artacaq və hətta qonşuluğumuzda baş verəcək. Bugünkü toxunduğum problem də tək bizim dövlət sərhədləri daxilində cərəyan eləmir. Bu, bəşəri məsələdir. Qadın cinayətləri bütün dünyanı bürüyüb və acı təəssüf ki, ildən ilə artmağa davam edir.

Gəlin, öncəliklə dünyada baş verən qadın cinyətlərinin statistikasına nəzər salaq: 2018-ci ildən başlayaq. BMT-nin Narkotik və cinayətkarlıq idarəsinin məlumatına görə 2018-ci ildə hər gün orta hesabla 137 qadın öldürülüb. Bu gün dünyada məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 80,9 faizini qadınlar təşkil edir. 2018-ci ilə nəzərən isə qadın cinayətləri 8,8 faiz artıb. Ümumiyyətlə, bu cinayətlərin kökündə dayanan və son dövrlərdə bu cinayətlərin artmasına səbəb olan amillər nələrdir? Bununla bağlı psixoloq Gülnar Orucovanın açıqlamasına nəzər yetirək:

Gülnar Orucova qeyd edir ki, qadın cinayətləri hər zaman olub. Sovet dönəmində də bu cinayətlərə rast gəlinirdi. Lakin sovet dönəmində bu kimi cinayətlərin qəzetdə dərc edilməsi və televiziyada yayınlanması qadağan edilmişdi. Çünki insanlar oxuduğu və gördüyü hadisələrdən təsirlənir və özünə pay biçir. Bu gün qadın cinayətləri sosial şəbəkələrdə çox tez yayılır və bu yayılma heç də yaxşı bir hal deyil. Belə ki, hansısa qadın cinayəti sosial platformalarda böyük kanallar tərəfindən paylaşılır. Hər kəs öz pəncərəsindən baxdığı üçün xəbər heç də hər kəsdə eyni təəssüratı yaratmır. Belə ki, cinayətkarın cəmiyyətdə müəyyən kütlə tərəfindən alqışlandığı hallar da olur. Bu xəbəri görən, həmçinin şərhlər bölməsini oxuyan insanlarda da müəyyən fikir ayrılıqları və həmçinin fikir dəyişilməsi də olur.

Son Yazılar:

Gülnar Orucova deyir ki, biz uşaq olanda valideynlərimiz həyətin qaranlıq hissəsinə buraxmırdı ki, orda bizə ziyan vuracaq insanlar ola bilər və bu gün həyətin qaranlıq hissəsi məhz sosial şəbəkələrdir.

Məsələyə digər bir tərəfdən yanaşsaq, qadınların cinayətə qurban olmasının bir başqa səbəbi kişi psixologiyası və onu “oyadan” kütlədir. Ailədə yaranmış hansısa problem boşanmaya səbəb olur və əksər hallarda kişilər bu boşanmanı həzm edə bilmirlər. Bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Lakin düşünmür ki, namus onun yox, qadının namusudur. Burada da artıq düşüncələr yaranır ki, qadın heç kəslə danışa bilməz və mənim uşağıma başqası atalıq edə bilməz. Həmçinin kənar müdaxilələr də narazılığın cinayətə qədər getməsinə səbəb olur. Cinayəti törədən şəxsdə özünü qəhrəman hiss edir. Çünki onu alqışlayan kütlənin olduğunu bilir. Hardan bilir? Sosial şəbəkələrdə olan şərhlərdən!

Qadın cinayəti törətməyin savadsızlıq və cahilliklə də əlaqəsi yoxdur. Yetərincə qadın cinayəti törədən şəxslər ali təhsillidir.

Hüquq və qanunlar baş vermiş cinayətin təhlilinə və araşdırılmasına xidmət edir və hansısa qanunsuzluğa cəza verməklə vəzifələndirilib. Bu cinayətlərin qarşısını almaq məhz cəmiyyətin borcu və vəzifəsidir. Erkən nikahlar, düşüncə baxımından yetkinlik yaşına çatmayan fərdlərin ailə həyatı qurması, evliliyə tərbiyələndirici bir müəssisə kimi baxılması və bu kimi bir çox hallar aradan qaldırılmalıdır.

Bilmək lazımdır ki, qadın məişət əşyası deyil, qadın kişinin arzularını və istəklərini yerinə yetirmək vəzifəsini daşımır. Qadın anadır, qadın ailənin mənəvi dirəyi və dayağıdır. Mən düşünürəm ki, bu problemin həll edilməsi üçün biz milli kimliyimizə ailə mənəviyyatımıza söykənməliyik. Hansısa səhv yaxud yanlış anlaşılma. Fərq etməz. Biz qızımızın, yoldaşımızın, anamızın yanında olmalıyıq, dəstək olmalıyıq. Çünki Azərbaycan kişisinə yaraşan budur. Yox əgər problem ciddidirsə, bununla məşğul olan yetərincə dövlət qurumları var. Bizim can almaq kimi vəzifəmiz, yaxud cəza vermək kimi səlahiyyətimiz yoxdur. Bu məsələdə bütövlük göstərməliyik. Birləşməliyik. Telefon işlətdiyi üçün öldürülən Zülfiyyənin, dayısı tərəfindən boğularaq öldürülən Fatimənin səsi olmalıyıq.

Ayhan Ağarzayev, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi