Sizə çöhrəsi nur haləli, geyimi qırçın naxışlı, xanım-xatın qız haqqında danışacam. Bir də onun balaca və ərköyün məstanından.
Bu qızı tanıyan hər kəs deyir ki, o, sanki dünyaya yaxşılıq etmək üçün gəlib. Təbiətcə mülayimdir. Tanrının təbiətə bəxş etdiklərini əmanət bilir.
Səkidə qarışqa gördükdə addımın ehmalca atır. Quşlara yem verir, sınmış ağac budağı onun qəlbi ilə birlikdə “ağlayır”.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
O, təbiətsevər, heyvansevərdir. İstəyi isə Tanrının azad yaratdığı canlıları dünyada rahat, şad-xürrəm görməkdi.
Günlərin birində Mədinəgilin evinə qonaq gəlir. Bu, qara gözlü, nöqtə burunlu, yeni doğulmuş ərköyün mavru (pişik balası) idi.
İlk vaxtlar Mədinənin ovqatı təlx keçirdi. Zənn etməyin ki, bu qonağa görə idi. Əsla! Mədinə, mavrunun təbiətdən və anasından ayrı düşməsinə üzülür, bəzən fikrə dalaraq düşünürdü: “Heyvanlar insanın öz əli ilə yaratdığı yerlərdə deyil, məhz Tanrının ucsuz-bucaqsız təbiətində xoşbəxt ola bilərlər”.
Fəqət çox keçmir ki, qara gözlü, nöqtə burunlu, ərköyün bala pişik Mədinə ilə dostlaşır. Özünü onun yanında olduqca xoşbəxt hiss edir. Axı heyvanlar insanın ruhuna bələddirlər. Heyvanlar həm də mələkdirlər. Tanrının yer üzərindəki qanadsız mələkləri.
Mədinə mavrunun sədaqətini, sevgisini hiss edirdi. Elə ki o mavrudan uzaq qaldı, həmin gün bala pişik evin kandarında ac-susuz saatlarla gözləyir, sanki insan kimi küsür, inciyir…
Adam bu anı gözlər önünə gətirəndə mütəəssir olur. Bir anlıq düşüncəmizdə “Qara qulaq ağ Bim” canlanır.
Mədinənin bala pişiyi İvan İvanoviçin Bimi qədər etibarlı, vəfalı idi. Buna görə də sahibi çox vaxt heç kimə demədiklərini məhz öz balaca dostuna deyirdi. Onu Bimdən iki əlamət fərqləndirirdi: pişik olması və təkcə qulağının deyil, bütün bədəninin qaralığı.
Bir də mavru özündən çox razıdır: Mark Tvenin “Əfsanə” hekayəsindəki pişik kimi. Bütün heyvanlardan da seçilir. Tez-tez önündə dayandığı güzgüdə özü ilə yanaşı, həm də dostunu – sahibini görür.
Mədinə, bala pişiyi vaxtaşırı təbiət qoynuna çıxarır. Onun təbiətlə bağlılığını təmin edir. Heç vaxt yeməyin, suyun gecikdirmir. Düşünür ki, danışa bilməyən heyvanın “dili” insandır.
Sahibi bala pişiyini
Morli Kallagenin qəhrəmanı Denin öz iti – Lükü sevdiyi qədər sevir.
Mədinə hardasa sentimental insandır. Həmçinin, kübardır. Düşüncələrə qərq olmağı isə şakəridir.
Yenə də adəti üzrə öz hücrəsinə çəkilir. Bala pişik də onun yanında xumarlanır. Sahibi öz mavrusuna baxır və düşünür: “Təbiət qoynunda dincəlmək yox – təbiətsevər olmaq, ev heyvanına sahib olmaq yox – heyvansevər olmaq, insan olmaq yox – insanlıq duyğusu ilə yaşamaq gərəkdir”.
Əsgər İsmayılov