Bəzən olur ki, xəyalən keçmişə qayıdırıq. Xatirələri “oyadırıq”. Xəyal nuru mənəvi aləmimizin ən dərin qatına işıq salır. Çox keçmir ki, xəyaldan ayrılır, gələcəyi düşünürük. Bu məqam daxilimizdə doğan sual bizi özümüzlə baş-başa qoyur: mənim üçün yaşamaq nədir?
Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə “yaşamaq yanmaqdı” yazırdı. Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov yaşamağı qanmaqda, dərk etməkdə görürdü. Yazıçı Anar kimlik, milli varlıq, özünüdərk prosesi əsasında yaratdığı əsərə — kitaba “Yaşamaq haqqı” ismini vermişdi.
Bu mənada fiziki, mənəvi, bioloji var olma, yaşama və böyümə (sözün hər gerçəkliyində) atlasının müəyyənləşdirdiyi mənzərə fonunda qəlb aləminin dəruni dərinliklərindən eşidilən, insanı oraya səsləyən sədalar yüksəlməyə başlayır. Bu mənzərə gözlər önündə gün işığı qədər aydın, yaxud payız yağışına qarışmış dumantək qarışıq da görünər…
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Yaşamaq sadəcə gündəlik işlərimizi həll etdikdən sonra başımızı buludabənzər ağ yastığa qoyaraq rahatlıq tapmaq deyil. Gərək ki, düşünəsən, suallarla özün-özünə müraciət edəsən: Həyat, görəsən, bizi lacivərd səmaya — göyün ənginliklərinə qaldıran xəyallardanmı, ya gözümüzü bağlayanda ürəyimizdən keçən istəklərdənmi ibarətdir? Biz həyatdan nə istəyirik: yaşamaq, görmək, anlamaq, kəşf etmək, sevmək, sevilmək? İnsan həyatı dərk etdiyi andan böyüyür, yaşayır (!).. O, anlayır. Anlayır ki, əsla öz dəyərini dəyərdən salmamalıdır. Həyat prizmasına öz pəncərəsindən baxmağı öyrənməlidir. O, tək qalmaqdan, düşünməkdən və beləcə böyüməkdən qorxmamalıdır. İnkaretmə yanğısına düşməməli, özünü tapmalı və onunla üzləşməlidir. Həyatdan nə istədiyinin fərqinə varmalı və yelkənini başqa dənizlərə açmağı öyrənməlidir.
Məncə, hər insan həyatında bir dəfə də olsa öz yaşamından uzaqlara getməli, həsrət yanğısına düşməli, başqa qəlblərin incəliyinə toxunmalıdır. Fərqində olmalıdır ki, qoca dünyaya nə üçün gəlib və nə istəyir?!
Əgər mən nədənsə əziyyət çəkirəmsə, deməli, burada mənim üçün sıxıntı, narahatlıq var. Bəli, mümkündür ki, bir başqası üçün bu adi haldır. Buna görə insan gərək çətinlikdən, ən əsası həyatdan qaçmasın, qorxmasın… Özünü rüzgara buraxsın və dərindən nəfəs alsın. Başını səmaya qaldırsın: nizamlı şəkildə düzülən durna qatarına nəzər salsın. Məncə biz çox yaxşı bilirik ki, rüzgar o qədər də qorxulu bir şey deyil. Əsas odur ki, gəmini dənizə çıxaracaq qədər cəsarətin olsun. Qasırğa isə hər zaman, hər insanın həyatına bir az da olsa müdaxilə edir.
Ləman Rəcəbova, Bakı Slavyan Universitetinin Xarici Dili Müəllimliyi fakültəsinin tələbəsi