Başlanğıcdan sona doğru: mənim səyahətim

Məzuniyyətə doğru irəlilədikcə, belə həssas anlarda, universitet həyatımı formalaşdıran təcrübələrimə geri dönərək düşünürəm. Universitet illəri, yalnız akademik biliklərin əldə edildiyi bir dövr deyil, eyni zamanda dostluqların qurulduğu, yeni maraqların kəşf olunduğu və şəxsi inkişafın baş verdiyi bir zaman dilimidir. Yaşadığım hər an — istər həyəcan dolu olsun, istər əyləncəli anlar mənim bugünkü kimliyimi formalaşdırıb. Bu yazıda yadımda qalan sevinclərimi, kədərlərimi, öyrəndiyim dərsləri və qurduğum dostluqları sizinlə paylaşacağam. Çalışacağam ki, universitet macəramın canlı mənzərəsini sizin üçün “çəkim”. Təəssüf ki, mən universitet həyatıma pandemiya vaxtı başladım. İlk semestr dərslərimiz hibrid formada keçirilirdi. Bu səbəbdən bəzi müəllimləri çox az tanıdım. Bu müddətdə həm yaxşı, həm də müəyyən mənada qəliz müəllimlərlə qarşılaşdım (yəqin ki, ifadəmə görə inciməzlər). Yaxşı müəllimlərim, dərsləri maraqlı və mənalı edən mənə motivasiya verən insanlar oldu. Univerisitet illərimdə xüsusilə Mübariz Göyüşlü və Qərənfil Dünyaminqızı kimi sevimli müəllimlərimin rəhbərliyi və dəstəyi mənim üçün böyük bir ilham mənbəyinə çevrildi. Mübariz müəllim sadəcə mənim yox, demək olar, fakültədəki bütün tələbələrin ən sevimli müəllimidir. Deyərdim ki, hər dərsi bir-birindən maraqlı idi. Bu yaxınlarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Mübariz Göyüşlünün “II Qarabağ müharibəsinin Türk ölkələrinin mətbuatında əks olunması” mövzusunda elmi seminarı keçiriləcək. Bu səbəbdən müəllimimizə uğurlar diləyirəm. Digər əziz müəllimim Qərənfil Dünyaminqızının mühazirələrindəki təqdimatı və tələbəlik illərindəki jurnalistika fəaliyyəti ilə bağlı xatirələrindən bəhs etməsi məni təhsil aldığım sahəyə çox həvəsləndirdi. Yeri gəlmişkən qeyd edim ki, ötən həftələrdə Türk dünyası üçün əlamətdar hadisələrdən biri — Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan və Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi baş tutdu. Və bu əlamətdar hadisə içində digər bir tarixi ana fakültəmiz timsalında cəmiyyətimiz, xalqımız şahidlik etdi. Əli bəy Hüseynzadənin 160 illiyinə həsr olunan “Füyuzatçılar” kitabının təqdimetmə mərasimi baş tutdu. Əlbəttə, müəllif bizim dəyərli müəllimimiz Qərənfil Dünyaminqızı idi. Tədbirdə iştirak etdim və müəllifin kitabını imzalı şəkildə əldə etmiş oldum. Qarşıda bizi sonuncu semestr imtahanı gözləyir. Və hər dəfə təqvimdə yanvar ayını gördükdə tanış bir gözləmə və narahatlıq hissi içimi bürüyür. Mənə görə bu ay sadəcə qiymətlərdən ibarət deyil; biliklərimi, vaxtımı düzgün idarə etmək üçün bir dövrdür. Hər il bu dövr gecə-gündüz dərs hazırlığı və məsuliyyətli anlarla dolu olur. İmtahandan “A” aldığımda yaşadığım sevinc, bütün zəhmətimin qarşılığının simvoludur. Universitet illərimdə klassik dünya ədəbiyyatına marağım artdı. Dünya ədəbiyyatını daha çox mütaliə etdikcə müxtəlif mədəniyyətlər ilə tanış oldum. Hər bir klassik mənə yalnız fərqli dövrlər və cəmiyyətləri tanıtmadı, eyni zamanda sevgi, mübarizə və kimlik kimi mövzular üzərində düşündürdü. Bu əsərlərin zamansızlığı, həyatımın növbəti mərhələsinə hazırlıq görərkən mənə ilham verməyə davam edir.
Tələbəlik müddətində qrup yoldaşlarımla o qədər də yaxın olmasam da ilk illərdə bir neçə qrup yoldaşımla dərsdən sonra bəzən kinoya və ya restorana getmək üçün bir araya gəlirdik. Bu qeyri-rəsmi qarşılıqlı əlaqələr, dərindən şəxsi olmasa da, universitet təcrübəmə əyləncə qatdı və dostluqlarımı, necə olursa-olsun, qiymətləndirməyimə kömək etdi. Gələcəkdə bu anları yanımda daşıyacaq, sadə, amma mənim üçün dəyərli anların verdiyi sevinci unutmamağa çalışacağam.

Nuranə İsmayılova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Son Yazılar: