Azərbaycanda Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradılıb.
Viral.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək.
Yeni yaradılan holdinqə RİNN tabeliyində olan, eləcə də nazirlik tərəfindən “kurasiya” edilən şirkət və təşkilatlar daxildir. AZCON yaradılana qədər RİNN çoxlu sayda dövlət şirkətlərini idarə edirdi. Nazirlik fəaliyyət istiqamətinə uyğun olaraq nəqliyyat, telekommunikasiya, poçt sahələri üzrə əksər dövlət şirkətlərini birbaşa idarə etmək səlahiyyətinə sahib idi.
Son Yazılar:
- Yol polisi bu şəxslərə müraciət ETDİ
- Vilayət Eyvazov bu rayonda qəbul KEÇİRİLƏCƏK
- Ronaldo bir daha adını tarixə yazdırdı
RİNN-in tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Kosmik Agentliyi (Azərkosmos), Dövlət Dəniz və Liman Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərpoçt” MMC, “AzIntelecom” MMC, “Aztelekom” MMC, “Bakı Taksi Xidməti” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Hərbləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC mövcud olub. Bu qurumlardan başqa nəqliyyat və telekommunikasiya sahələrində fəaliyyət göstərən və dövlətə məxsus olan təşkilatlara isə RİNN dövlət nəzarətini təmin edirdi.
Yeni holdinqin yaradılması ilə adıçəkilən əksər dövlət şirkətləri, həmçinin RİNN nəzarətində olan dövlət şirkətləri AZCON-un çətiri altında birləşdirilib. AZCON-a RİNN tabeliyində olan şirkətlərdən başqa Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC də daxil olunub. Beləliklə, AZCON-un yaradılması ilə RİNN timsalında yeni “super nazirlik” yaranmış oldu. RİNN AZCON-un vasitəsilə olduqca böyük spektrda dövlət şirkətlərini idarə edərək, xidmətlərin təşkilinə və qiymətlərin formalaşmasına təsir edə biləcək.
Onu da bildirək ki, AZCON Azərbaycanda yaradılan ilk böyük dövlət şirkəti deyil. Bundan öncə, 2020-ci ilin avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin holdinq də publik hüquqi şəxs statusuna sahibdir və tabeliyində bir çox dövlət şirkəti var. Lakin AZCON-nun yaradılması ilə İnvestisiya Holdinqinin gücü zəifləyəcək. Çünki İnvestisiya Hondinqinin tabeliyində olmuş və ya olan bəzi şirkətlər AZCON-a verilib.
2021-ci il fevralın 12-dən Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni QSC-lər və “BakuBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində idi. Amma 2021-ci ilin aprelindən İnvestisiya Holdinqi kiçilməyə başlayıb və onun tabeliyindən Azərkosmos, Aztelekom və Bakı Telefon Rabitəsi çıxarılıb. İndi bu qurumların hamısı AZCON-un tabeliyindədir. Hazırda İnvestisiya Holdinqinin tabeliyində yalnız SOCAR, “AzerGold” QSC, “Təmiz Şəhər” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Azər Türk Bank” ASC qalır.
Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. O, son illər ulduzu parlayan kadrlardandır. Ölkə prezidentinin etimad göstərdiyi nazirlər sırasında R.Nəbiyev öndə gələnlər sırasındadır. Rəşad Nəbiyev bundan əvvəl 10 il (2011–2021-ci illərdə) Azərkosmos ASC-nin sədri vəzifəsində çalışıb. Görünür, R.Nəbiyevin fəaliyyəti dövlət rəhbərliyi tərəfindən bəyənildiyi üçün ona böyük səlahiyyətlər verilir. Rəşad Nəbiyev Azərbaycanın yeni “super naziri”nə çevrilməkdədir.