Şavkat Mirziyoyev İlham Əliyevə zəng ETDİ

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Son Yazılar:

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.

Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.