Audiovizual Şuranın sədri Türkiyə səfirinin müşaviri ilə görüşüb

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov iyunun 11-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir ilə görüşüb.

 

Şuranın mətbuat xidmətindən Viral.az-a bildiriblər ki, yeni təyinatı münasibətilə qonağı təbrik edən və uğurlar arzulayan İsmət Səttarov Audiovizual Şuranın fəaliyyəti, eyni zamanda, audiovizual media sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Şura sədri iki ölkənin media sektorunda fəaliyyət göstərən rəsmi qurumları arasında, xüsusilə Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) ilə Azərbaycanın Audiovizual Şurası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Son Yazılar:

 

İ.Səttarov Azərbaycanın və Türkiyənin audiovizual media subyektləri, o cümlədən televiziya və radio kanalları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin audiovizual media tənzimləyicilərini özündə birləşdirən platformanın (TBRAF) yaradılması istiqamətində müvafiq işlərin aparıldığını deyib.

 

Cihangir İşbilir öz növbəsində iki qardaş ölkənin münasibətlərinin hazırkı vəziyyətinin bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də məmnunluq doğurduğunu vurğulayıb. Müşavir audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün Türkiyə səfirliyinin hər cür dəstək verməyə hazır olduğunu bildirib.

 

Söhbət zamanı, həmçinin Azərbaycan ilə Türkiyə arasında Birgə Media Platformasının əhəmiyyəti diqqətə çatdırılıb. Media və kommunikasiya sektorunda əlaqələri gücləndirmək məqsədilə yaradılmış platforma çərçivəsində televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, mübadilə proqramlarının təşkil olunması və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.