2023-cü ildə Farmakologiya kafedrasında Farmakologiya dərsi keçməyə başladıq. Qismətimizdən həm mühazirə, həm də seminar müəllimimiz Prof. Dr. Vəli Əsmətov oldu. Qısa zamanda məndən bir tələbə kimi razı qalan Vəli müəllim mənim elmi işlə məşğul olmağımı bildirdi və mənim üçün atipik neyroleptiklər mövzusunda elmi tədqiqat işi planlaşdırdı. Biz tədqiqatlarımıza başladıq. Hətta tədqiqatlarda siçovullara inyeksiyanın olunmasında özü şəxsən mənimlə bərabər iştirak edirdi. Apardığımız tədqiqatların uğurlu nəticəsi məni təhsil aldığım II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransının birincisi etdi. Mənim bu uğurum özüm kimi elmi rəhbərimi də çox sevindirdi. O mənə yola davam etməyi bildirdi. Biz yolumuzu Ümumdünya Tələbə Konqresinə – ISCOMS-a istiqamətləndirdik. Apardığım tədqiqatların nəticələrini və sənədlərimi Niderlandın Qroningen şəhərində keçirilən 31-ci Ümumdünya Tələbə Konqresinə göndərdik. Qısa zamanda apardığım tədqiqatlara yüksək qiymət verildi və məni həmin konqresə dəvət etdilər. Bu barədə fakültəmizin dekanı hörmətli dosent İsrail Məhərrəmbəyli müəllimə və universitetimizin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri t.e.d Müşviq Cəlal Oğlu Həsənli müəllimə məlumat verdim. Onların rektorumuz hörmətli Prof. Gəray Gəraybəyli müəllimə məlumat verməsi mənim Niderlanda göndərilməyimlə nəticələndi. Bütün bunlara görə, yəni mənim Niderlanda göndərilməyimin bütün xərcləri universitet tərəfindən qarşılandığına görə şəxsən universitetimizin rektoru Prof. Gəray Gəraybəyliyə dərin təşəkkürümü bildirirəm.
Mən Niderlanda gəldim. Konqresdə iştirak etdim və tədqiqatımla çıxış etdim. Apardığım tədqiqatlar böyük marağa səbəb oldu. Məni çəkdiyim zəhmətə görə yüksək dəyərləndirdilər.
Artıq Vətənə dönmüşəm. Özümü çox qürurlu hesab edirəm ki, Azərbaycanımızı, onun Tibb Universitetini, tibb təhsilini və Azərbaycan xalqının mədəniyyətini 31-ci Ümumdünya Tələbə Konqresində bir həftə müddətində layiqincə təmsil edə bildim. Mənim bu səviyyəyə gəlib çatmağımda böyük zəhməti olan elmi rəhbərim Prof. Dr. Vəli Əsmətova, II Müalicə-profilaktika fakültəsinin rəhbərliyinə, universitetimizin TEC elmi rəhbəri t.e.d Müşviq Həsənliyə və universitetimizin rektoru hörmətli Prof. Gəray Gəraybəyli müəllimə dərin minnətdarlığımı bildirirəm.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
Eldar Baxşəliyev, Azərbaycan Tibb Universitetinin II MPF tələbəsi