Sahələrdən 2.5 milyon ton məhsul yığılıb

Respublikada biçin prosesinin yekun mərhələsi başlayıb. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 10-dək ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

 

Viral.az xəbər verir ki, hazırda əsas biçin prosesi buğda sahələrində gedir. Bugünədək ölkə üzrə buğda sahələrinin 66,1 faizində biçin aparılıb. Biçin başa çatmış 387613 hektar sahədən 1 307 992 ton buğda yığılıb. Hazırda buğda üzrə orta məhsuldarlıq 33,7 sentner təşkil edir. 

Son Yazılar:

 

Arpa sahələrində də biçin prosesi tam yekunlaşmaq üzrədir. Hazırda yalnız yüksək dağlıq ərazilərdə yerləşən əkin sahələrində arpa biçini aparılır. Arpa üzrə orta məhsuldarlıq 29,5 sentnerə çatıb. 

 

Biçin prosesində 1607 kombayn iştirak edir. Bunlardan 556 kombayn “Aqroservis” ASC-nin, 1051 kombayn isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan texnikalardır. Hazırda aktiv biçin Cəlilabad, Füzuli, İsmayıllı, Şəki və Tovuz, Qusar rayonlarında aparıldığından bu rayonlara dislokasiya edilmiş kombaynların ümumi sayı 738-ə çatıb. 

 

Biçin prosesinin optimal müddətdə başa çatması gözlənilir.