Kəlbəcər təbii sərvətlər DİYARI

Prezident İlham Əliyevin xalqa müraciəti:

-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
30 il əvvəl öz yurdlarından ayrı düşmüş Kəlbəcər sakinləri sanki 30 ilin hər günü hər saniyəsi bu xəbərin inamı ilə yaşamışlar. Ali Baş Komandandan gələn qələbə xəbəri bu xalqı qalibiyyətə daha da ilhamlandırır!

Son Yazılar:

Kəlbəcər təbii sərvətlər diyarıdır!

Bu gün səfərimiz təbii sərvətlər diyarı, müqəddəs torpağımız Kəlbəcərədir. Zamanından asılı olmayaraq hər dəfə bu torpaqlara addım atarkən tarix göz önündə canlanır və içimi digər ziyarətçilər kimi bu şanlı tarixin şahidi olduğum üçün fərəh hissi bürüyür. Tarixin hər anına şahid olmuş bu müqəddəs torpaqların sirr dolu dağlarını seyr etdikcə sanki, mən də onlara qoşulub 30 ilin həsrətini və ağrılı-acılı günləri məğrur dağlara pıçıldayıram. Daha dağlarda məğrur-məğrur elinij sakinlərini qarşılayır, daha bu dağ-dərə, bu gözəlliklər, çəmənliklər, mənfur düşmənin tapdağı altında deyil. Bura gözəlliyi ilə gözlər oxşayan Kəlbəcərdir!

Etimalogiyasına görə “Kəlbəcər” sözü “çay üstündə qala” deməkdir. Hər daşın da, hər qayasın da, şəhid qanı olan, tarix qoxan bu ellər də artıq igidlərimiz at çapır, nazlı-qəmzəli xanımlarımız bulağa enib su gətirirlər. İnsanların simalarında elə məsum və təbii gülüş yaranıb ki, sanki, bu 30 il bir kabus idi, oyandıq və bitdi. Artıq işğal və müharibə dövrü geridə qaldı. Hazırda bütün diqqətlər doğma yurdumuzun yenidən dirçəlməsinə doğru yönəlib.

Dağlara baxdıqca xəyal gücümün qarşısını ala bilməyəcəyimi anlayıb onu sərbəst buraxdım. Dağları seyr edib uzaq düşüncələrə səyahət etməmək əldə deyil. Burda bir tarix yaşanıb! Şəhidlərin qanını yerdə qoymayan igidlərin yazdığı silinməx tarix. Kəlbəcərin tarixi!

Azərbaycanın tarixində yaşanan ən böyük faciələrdən biri də məhz Qarabağın işğal olunması idi. 1993-cü il aprelin 2-də Kəlbəcərin işğal olunması ilə Dağlıq Qarabağla Ermənistan arasında müxtəlif yollarla əlaqələr yaradıldı,qarşı tərəfində məqsədi məhz bundan ibarət idi. Qarşımda duran dağların qoynunda yerləşən köhnə zərər görmüş yaşayış məskənləri Birinci Qarabağ müharibəsi dönəmində Kəlbəcərdən məcbur köçmüş insanları və şəhidlərin ruhunu xatırladan bir mənzərə yarandı gözlərimin önündə. Evlərindən çıxara bildikləri əşyaları, yorğan döşəkləri at belinə yükləyən insanlar, qarın altında üstü açıq yük maşınlarına toplaşmış ailələr, qar üzərində ayaqyalın yeriyən insanlar, ərazidən çıxmaq üçün vertolyota tələsənlər – Bunlar birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun işğalı zamanı baş vermiş acınacaqlı hadisələrin təsviridir.

Bu 30 il müddətində Azərbaycan itirmiş gücünü yenidən bərpa etdi və işğal altında qalan torpaqların azad olunması uğrunda bir dəmir yumruq da birləşdi.

Kəlbəcərin İstisuyu nəinki ölkəmizdə, hətta regionda tanınır. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilib. Burada hər il 50 min nəfər müalicə olunub və istirahət edib. Burada yerləşən İstisukəndinin faydalı suyu sayılan “İstisu” bulağı ətrafında 1928-ci ildə sanatoriya salınıb. İşğal dövründə yararsız hala salınan bu sanatoriyada bərpa-quruculuq işləri aparılır və tam təmirli şəkildə sakinlərin istifadəsinə veriləcək. Faydaları bitib-tükənməyən bu müqəddəs torpagın bizə bəxş etdiyi sonsuz zənginliklər arasında tarixi abidələrin də öz yeri var. Kəlbəcər rayonu tarixi abidələri, qədim alban abidələri ilə də zəngindir.

Kəlbəcər zəngiliyi və füsunkar gözəlliyi ilə seçilən qədim tarixə malik torpağlarımızdandır. Kəlbəcər rayonu Qarabağın ərazisinə görə ən böyük rayonlarından hesab olunur. Murovdağ silsiləsi ilə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən hesab olunur. Kəlbəcər də yerləşən kilsələrin Albaniya dövlətinə xas olması, qədim yaşayış məskənləri, qayalıqlara həkk olunmuş qədim türk əlifbası nümunələri bu zəngin diyarın tarixinin əsrlər əvvələ dayandığını sübut edir. İşğal müddətində erməni “tarixçiləri” alban kilsələrini özünküləşdirməyə çalışsalar belə, tarix bir daha öz sözünü deyir!

Kəlbəcər rayonunda iri meşə sahələri də mövcuddur. Rayon ərazisinin əksər sahələri meşəlikdir.
Kəlbəcər qərbdə -Ermənistanla, şərqdə -Xocalı, Ağdamla, cənubda-Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər Qarabağın qızıl yataqları ilə məşhur olan ən zəngin ərazisidir. Bu müqəddəs torpaqlar qızıl, xrom yataqları ilə zəngindir.Həmçinin Kəlbəcərin relyefi və atmosferi burada turizmin inkişafına yol açır.

Kəlbəcərin turizm potensialının yüksək olması hələ Sovet dövründən qiymətləndirilmişdir. Turizmin inkişafı məqsədilə görülən tədbirlər, hazırlanan layihələr, sürətlə davam edən bərpa-quruculuq işləri, beynəlxalq hava limanının tikilməsi, müqəddəs torpaqların dirçəlməsinə, turizmin inkişafına yüksək təkan verəcəkdir.

Şəms Hüseynli