Sveyqin hekayələrinin birində səyahətdən qayıdan personaj əlinə qəzet alanda xəbər tutur ki, bu gün onun doğum günüdür. Mən də həm bizim, həm də öz dünyana (bu aləm daha gözəldir) təşrif buyurduğun günü atanın feysbuk səhifəsində gördüm. Həmən də qərara aldım ki, altı yaşın sağlığına əlimə qələm götürüm. Əslində Sveyqin qəhrəmanı öz doğum gününü səyahətdən qayıdarkən xatırlaması əsərlə yanaşı, həm də biz insanların həyat sujetini təşkil edir. Axı biz də bu həyatda sadəcə səyahətciyik… Əksəriyyət isə səyahətin ən çox isti yayına aldanır. Krılovun cırcıraması kimi, yay, bahar, deyir, ancaq ömür səyahətinin qışını unudurlar.
Əziz Ümid! Ömür səyahətində sağlıqla, xoşbəxtliklə qoşa addımla. Ayağının altındakı narın qumdan, başındakı hansısa Avropa ölkəsinin (ya da ABŞ) bayrağı olan yarıtorlu beysbolkadan (papaq), qarşında portağal və buz qarışımından hazırlanan uzun çöplü şirə qoyulmuş şəkildən ən vacibi yaxşı dost seçməkdir. Yaxşı dostu, qohumu, sinif yoldaşını seçmək üçün hansısa cihaz ixtira olunsaydı, onu məmnuniyyətlə sənə verərdim. Ancaq yoxdur. Sənə bu yolda zəkan, müşahidələrin, qəlbinin səsi kömək olacaq. İnsan münasibətlərinin təhlili və qiymətləndirilməsi öz üstünə düşəcək. Buradan yüksək qiymət alanları özünə dost seçərsən.
Əziz Ümid! Atanla elə sənin yaşından dostluq edirik. Bu dostluq qonşuluqdan başladı. Valideynlərimizin salam-kalamı ilə irəlilədi və mənəvi gücün sayəsində əbədilik qazandı. Nə təəssüf ki, indiki dövrdə əvvəlki qonşuluq qalmayıb, dostluqlar təmənna və hansısa məcburi bağlantıya görədir, salamı da ancaq ya telefon ekranında, ya feysbuk messengerində… görürük. İnfantil həyat bizi ancaq “kəşfet”ə sala bilir.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Əziz Ümid! Hər şeyə rəğmən yaşının ən gözəl çağıdır. Altı yaş həm də inama işarədir. Ümiddən də ümidim budur: inamlı, kamallı və elmli olsun.
Əsgər İsmayılov