Şeirləri ilə ürəkləri fəth edən şair

Bu gün Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşənin doğum günüdür.

Viral.az xəbər verir ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Son Yazılar:

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

2013-cü ildə “Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatının sahibidir (2019).

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.