Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib.
Viral.az-ın məlumatına görə, mətndə deyilir:
“Hörmətli cənab Baş nazir,
Son Yazılar:
- Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırdı
- Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- “İlham Əliyev Gürcüstandakı vəziyyəti yaxşı bilir, onun bəyanatları obyektivdir”
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.
COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.