Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi Serbiya Respublikası xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah arzu edirəm.
Serbiya Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı etimada, təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.
İcazə verin, BMT Baş Assambleyasında yaxın zamanda keçirilmiş səsvermədə Azərbaycan Respublikasının göstərdiyi anlayış və mövqeyə, bununla da Serbiya Respublikasına, regionda sülh və sabitliyə dəstək verdiyinə görə minnətdarlığımı bildirim.
İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq.
Ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində iştirakınızı yüksək qiymətləndirirəm. Əminəm ki, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq qarşıdakı dövrdə də qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə möhkəmlənməyə və zənginləşməyə davam edəcək və Sizinlə birlikdə bu işə öz şəxsi töhfəmi verməyə hazır olduğumu bildirirəm.
Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm. Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm”.