Bütün dünyada belədir: Universitet təhsili insan inkişafının aparıcı komponentini təşkil edir. Bu mənada həyatın vacib elementi dərrakəli insandırsa, dövrün də ən əhəmiyyətli hissəsi, bədii şəkildə ifadə edəsi olsaq, kompozisiyası elmdir. Düşünsək ki, qloballaşmanın konvergent (məntiqi təfəkkür), divergent (yaradıcı təfəkkür) təsirləri, elmi tərəqqiyə təkan verən biliyin artan əhəmiyyəti, habelə informasiya və kommunikasiya inqilabı qarşıya elmli, şüurlu və düşüncəli insan amilinin vacibliyini qoyur, o zaman mühüm sual doğur: Kimdir şüurlu insan? Əlbəttə, cavablar müxtəlif ola bilər. Ancaq bu cavabı daha uğurlu zənn edirəm: “Ən başlıcası şüurlu insan topladığı biliyi, qazandığı təcrübəni əməli fəaliyyətində həyata keçirəndir. İnsanlıq və bəşəriyyət üçün xərcləyəndir”. Yaxud həmin sualı müsahibə blits formatına salası olsaq: — Kimdir şüurlu insan? sualına — Müəllim!.. deyə cavab vermək olar. Əlbəttə, bizim digər peşələri və orada çalışan insanları aşağılamaq niyyətimiz yoxdur. Nəzərə alsaq ki, bütün peşələri öyrədən müəllimdir, elə həyat özü də müəllimdir, o zaman ortaq nöqtəyə gəlmiş olarıq. Həm də müəllim əməyi bir ömür davam edir: baxça dövrü, orta-ali məktəb və həyatımızın sonrakı mərhələlərində belə insan oğlunu yetişdirir. Azərbaycan dilində belə bir qayda var: söz birləşməsi sözə, cümlə də söz birləşməsinə nisbətdə daha dəqiq, aydın mənanı ifadə edir. Bu məsələyə bədii obraz qataraq deyərdik ki, orta məktəbdə müəllim bizə həyatı “söz-söz” öyrədirsə, ali məktəbdə bu məsələ söz birləşməsi şəklində davam edir. Həyatın sonrakı mərhələlərində artıq biz sərbəst “cümlə” qura bilirik… Amma elə qələm adamları var ki, onların yaradıcılığında adi bir hərf, rəqəm belə özünün tam mənası, geniş aspekti ilə seçilir… Belə müəllimlərdən biri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayevdir. Tədris etdiyi “İnternet jurnalistikası” fənni tələbələr tərəfindən xüsusi maraqla qarşılanır. Çünki tələbəyə (fərdi şəkildə) zaman daxilində mümkün qədər vaxt ayırır. Bununla belə auditoriyaya birlikdə — komanda şəklində işləməyə şərait yaradır. Mövzu ilə bərabər, həm də tez-tez auditoriyaya tələbənin dünyagörüşünü formalaşdıran sualla müraciət edir. Bu, aktiv öyrənmənin ən vacib atributlarındandır. Beyində yaranan suallar təbii ki, dərs mövzusunun rahat qavranılmasını və yaddaqalanlığını şərtləndirir. Diqqətimizi çəkən digər bir məqam da var: dərs prosesinin müəllim-tələbə kontekstində aparılması. Bu, müasir təhsilin ən başlıca kompenentidir… Məsələ bununla da bitmir. Öyrənmənin, özünü inkişafın yolu mütərəqqi yanaşma, abstrakt ideya, fərqli prosedur şəklində davam edir. Zaur Babayev tələbələrin mənəvi, elmi inkişafı üçün yaradıcı adamlarla, sanballı fikir sahiblərilə davamlı olaraq tələbələrin görüşünü təşkil edir. Belə görüşlərdən biri də yazıçı, publisist, görkəmli dramaturq Elçin Hüseynbəyli ilə baş tutdu. Düzü, tələbələr bu görüşə çox həvəsli, olduqca maraqlı idilər. Çünki qonaq ixtisasca həm jurnalistdir, həm də öz dərin yaradıcılığı ilə gənclərin qəlbinə yol tapmışdır. Görüş Zaur Babayevin moderatorluğu ilə baş tutdu. O, Elçin Hüseynbəylini salamlayaraq tələbələrə daha yaxından təqdim etdi. Yazıçının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirdiyini, uzun illər “Ulduz” jurnalının, habelə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olduğunu diqqətə çatdırdı. Ən əsas məsələyə toxunaraq qeyd etdi ki, Elçin Hüseynbəyli məktəbdir, yenilikçidir, sintetik janrlarda yazan yazıçıdır, həm də informasiya modelini ilk təqdim edənlərdəndir. Görüş əsnasında qonağın auditoriyanı ələ alması, təbiətcə həssaslığı, alicənablığı, hərəkətcə müdrik və qıvraqlığı gözdən yayınmadı. Elə ilk sualı da əziz qonağa müəllimimiz Zaur Babayev ünvanladı: — “Nəyi yazmaq, yaymaq olmaz” sualına yazıçı açıq şəkildə bildirdi ki, hansı məsələ ki, dövlətin, millətin mənafeyinə ziddir, ondan qaçmaq gərəkdir. Sonra söz tələbələrə verildi. Onlar hazırladıqları sualları yazıçıya ünvanladılar. Bundan öncə Elçin Hüseynbəyli alicənablıqla qeyd etdi ki, “İnanmıram ki, bizim tələbələrin verəcəkləri suallara özlərinin cavabları olmasın”. Bu fikir tələbələrə ürək-dirək verdi, onların çöhrəsində təbəssüm yaratdı və əlbəttə ki, özlərinə inam. Tələbələr də qonağa suallar ünvanlayır, maraqlı cavablar alırdı. Banuçiçək Kalbalıyeva sualdan öncə qeyd etdi ki, Elçin Hüseynbəyli onun sevimli yazıçılarındandır. Hətta məktəb illərində qələmə aldığı hekayənin ilk cümləsini sevimli yazıçısına ünvanlı fikirlərlə başlayıb. Banuçiçəyin “Yazıçı jurnalistdir, yoxsa jurnalist yazıçıdır” sualına Elçin Hüseynbəyli “Jurnalistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız jurnalistikadır”, deyə hər iki sahəni bir-birilə əlaqələndirdi. Tələbələr bu görüşə sinəsi dolu gəlmişdilər. Aytac Kərimovanın qonağa “Vətən haradan başlayır”, deyə ünvanladığı sual yazıçının “Vida” romanının təsirindən doğmuşdu. Elçin Hüseynbəylinin “Vida”sındakı həkimin, Sabir Əhmədlinin “Ömür Urası”ndakı müəllimin çəkdiyi mənəvi iztirabı düşünməyin özü belə ağrılıdır… Bu təsiri tələbə qəlbində duyan Elçin Hüseynbəyli “Vətən, mənim evimdən, həyətimdən, kəndimdən, rayonumdan, ölkəmdən başlayır. Sonra dünyanı da bura əlavə elədim. Çünki dünya da bizim evimizdir. Bunu belə anlasaq yer üzündə sülh olar, əminamanlıq olar”, deyə yazıçı böyüklüyü ilə fikrini auditoriyaya çatdırdı. Bu məqamda böyük alimlər Rafiq Əliyevlə, rəhmətlik Xudu Məmmədovun təxmini eyni mənaya gələn “Vətən doğulduğun komadan başlayır” fikirlərini xatırladım. Tələbə Türkan Əhmədova yazıçıya ünvanlayacaq nə az, nə çox düz səkkiz sualın hazırlığını aparırdı. Növbə ona çatanda tarixi vərəqlədi, Folknerlə Tomas Vulf arasında baş tutan diskussiyaya toxundu, yaradıcılıqda özünü göstərən ideya-bədii xüsusiyyətlərdən bəhs etdi. Ürəyi dolu idi. Elçin Hüseynbəyli ilə baş tutan görüş tələbələr üçün mənəvi bir tərəqqi məsələsi olmaqla bərabər, həm də özünü inkişaf baxımından da əhəmiyyətli idi. Tələbələr bilirdilər ki, bu günün hansısa qeydləri sabah onların həyatında müsbət rol oynaya bilər. Yazıçı da Türkanın timsalında tələbələrin öyrənmək eşqini görüb onlara böyük səxavətlə özünün də mənəvi qidalandığı söz, fikir nəhənglərinin adını çəkdi. Prustdan, Bekketdən, Selincerdən, Platonovdan təsirləndiyini dedi. Bildirdi ki, istedadlı adam, ancaq istedadlı kəslərdən əxz edə bilər, özünü yetişdirə, inkişaf etdirə bilər. Tədbir demək olar ki, yekunlaşmaq üzrə idi, ancaq buna baxmayaraq Sevinc Abuşovanın, Türkanə Məşədiyevanın və digər tələbələrin sualları səngimirdi. Tədbir barədə, əziz yazıçımız — Elçin Hüseynbəyli haqqında çox danışmaq olar. Elə görüş əsnasında Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun, professor Akif Rüstəmovun, professor Qulu Məhərrəmlinin yazıçı barədə xoş arzuları görüşün ən yaddaqalan hissəsinə çevrildi. Sonda bir məqamı da qeyd etməyi zəruri hesab edirik. Ədib kimi sevdiyimiz, pedaqoq kimi dəyər verdiyimiz çox yazıçılarımız olub. Düşünürük ki, Elçin Hüseynbəyli yaradıcılıq, xarakter baxımından müəllimdir. Çünki onun oxucu auditoriyasını bugünkü görüşünə gəldiyi tələbələr timsalında minlərlə tələbə təşkil edir. Və Elçin Hüseynbəyli yaradıcılığının da əsas qayəsi böyük mənəviyyatdan, Vətənə, millətə, torpağa sevgi dərsindən xəbər verir.
Banuçiçək Kalbalıyeva
Əsgər İsmayılov